"MilliKart"ın təsisçilərinin sayı azalıb

"MilliKart"ın təsisçilərinin sayı azalıb Azərbaycanın bağlanmış bankının prosessinq mərkəzindəki iştirak payı satılıb
Maliyyə
10 Yanvar , 2017 14:28
MilliKartın təsisçilərinin sayı azalıb

Bakı. 10 yanvar. REPORT.AZ/ Ləğvetmə prosesində olan “Debütbank” ASC-nin “MilliKart” MMC-dəki (prosessinq mərkəzi) 2,4%-lik iştirak payı satılıb. 

Bu barədə “Report”a maliyyə bazarındakı mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, payın nominal dəyəri 120 min manat olsa da, onu cəmi 20 min manata, yəni 6 dəfə ucuz “MilliKart”ın digər təsisçisi “Urbis Holding İnc.” şirkəti əldə edib. Bu şirkət prosessinq mərkəzinin təsisçiləri sırasına ötən ilin avqust ayında, Avropa Yenidənqurma və İnkişaf Bankının iştirak payını almaqla qoşulub.

Xatırladaq ki, "Debütbank"ın lisenziyasını 2010-ci ilin sonuna yaxın Azərbaycan Mərkəzi Bankı (AMB) ləğv edib. Azərbaycan qanunvericiliyinə görə, bağlanmış banklar digər hüquqi şəxslərin kapitalında iştirak payına malik ola bilməz. Odur ki, "Debütbank"ın ləğvedicisi olan şirkət onun "MilliKart"dakı payını satmağa qərar verib.

Son nəticədə prosessinq mərkəzinin səhmdarlarının sayı 19-dan 18-ə düşüb. Hazırda adı çəkilən xarici şirkətlə yanaşı, 17 yerli kommersiya bankı – "Dəmirbank", "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "AtaBank", "Unibank", "Amrahbank", "Azər-Türk Bank", "Rabitəbank", "Turanbank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Accessbank" QSC, eləcə də ləğvetmə prosesində olan "Parabank", "Texnikabank", "Kredobank" və "Zaminbank" ASC-lər, “Bank Standard” QSC “MilliKart”da pay sahibidir. Tezliklə bağlanmış 5 bankın da prosessinq mərkəzindəki təsisçiliyinə son qoyulacağı gözlənilir.

Onu da qeyd edək ki, nizamnamə kapitalı 5 mln. manat olan “MilliKart”ı 2006-cı ildə AMB yaradıb və sonradan banklara satıb.

Son xəbərlər

Orphus sistemi