Yuxarı

Mərkəzi Bankın sədri: "Dövlət Neft Fondunun strateji ehtiyatlarından qənaətlə istifadə qarşıda duran əsas vəzifədir"

Hər şeyi çəhrayı fonda təqdim etmək düzgün olmaz

Bakı. 19 yanvar. REPORT.AZ/ "İlk növbədə qlobal beynəlxalq iqtisadi şokları neytrallaşdırmaq lazımdır. Bizim tədiyyə balansımızın müsbət kəsiri 17 milyarddan 2015-ci ildə faktiki olaraq sıfıra enib. Ona görə də əvvəlcə büdcənin yığcamlaşdırılması, Dövlət Neft Fondunun strateji ehtiyatlarından qənaətlə istifadə olunması qarşıda duran əsas vəzifədir". "Report" xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Əmanətlərin tam sığortalanması haqqında" yeni qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qarşıda duran ilkin vəzifə ölkədə tam iqtisadi sabitliyin bərpa olunmasıdır: "Etiraf edirik ki, bəzi problemlər var. Hər şeyi çəhrayı fonda təqdim etmək düzgün olmazdır. Əsas olaraq manat əmanətlərinə daha çox üstünlük veriləcək. Bu gün bank sektorlarının 5 milyarda yaxın likvidliyi var".

AMB sədri onu da qeyd edib ki, ölkədə kapital çıxışına yığım təklif olunur: "Bu məbləğin 20 faiz olması təklif edilir. Bu tam qadağa deyil. Bu proseslər iqtisadi mexanizm vasitəsilə həyata keçirilir. Bütün başqa kapitalın qeyri-cari hərəkət istiqamətində heç bir məhdudiyyət yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi