Azərbaycan gələn il ipoteka kreditləşməsini daha da artıracaq

Azərbaycan gələn il ipoteka kreditləşməsini daha da artıracaq Mərkəzi Bank kommerisya banklarına manat kütləsi təqdim edib
Maliyyə
16 İyul , 2015 12:06
Azərbaycan gələn il ipoteka kreditləşməsini daha da artıracaq

Bakı. 16 iyul. REPORT.AZ/ "Hazırda manat sabitlik nöqtəsini axtarır və mən deyərdim ki, tapmaqdadır. Mərkəzi Bank son iki ayda valyuta ehtiyatlarını artırır. Artıq 120 mln. dollardan çox valyuta almışıq və təxminən 300 mln. dollardan çox banklarla əməliyyatımız olub". "Report"un verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov Azərbaycan Dövlət Televiziyasına müsahibəsində deyib.

"Onlar öz valyutalarını bizə təklif etdilər və əvəzində biz bazarda manata olan tələbatı azaltmaq üçün manat verdik. Bu gün bu, rəsmi ehtiyatlara daxil olmasa da, düşünürük ki, bu valyuta da təbii ki, Mərkəzi Bankda qalacaq. Bu tendensiyanı nəzərə alaraq demək olar ki, ölkədə iqtisadi inkişaf, makroiqtisadi sabitlik hökm sürür. Bütün bunlar ilin sonuna iqtisadi proseslərə nikbin baxmağa imkan verir", - deyə E.Rüstəmov qeyd edib.

Sədr bildirib ki, ilin sonunadək ipoteka maliyyələşməsinə 200 mln. manatdan çox əlavə vəsaitin yönəldilməsi gözlənilir. Onun sözlərinə görə, bu vəsaiti dövlət zəmanəti əsasında Mərkəzi Bank təqdim edəcək: "Bizim Maliyyə Nazirliyi ilə birgə təklifimiz 250 mln. manat həcmindədir. Bu, təxminən indiyədək hökumətin xətti ilə ipotekaya ayrılan vəsait həcmindədir. Bu vəsaitin bir hissəsi sosial, bir hissəsi kommersiya ipotekasına yönəldiləcək. Fikrimiz var ki, gələn il daha əhəmiyyətli vəsait təklif edək".

AMB sədri, həmçinin təklifdə ipoteka kreditləşməsi üzrə faizlərin aşağı salınması məsələsinin də nəzərə alındığını deyib: "Təklifdə şərtlərin aşağı salınması nəzərdə tutulur. Həmçinin sosial və kommersiya ipotekası üzrə kreditin məbləğinin təxminən iki dəfə artırılması nəzərdə tutulur".

Son xəbərlər

Orphus sistemi