Yuxarı

​Mədən vergisi dərəcələrinin artırılması təklif edilir

Sadələşdirilmiş vergi ödəyicilərinin əhatəsi genişləndirilir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Azərbaycanda qeyri-filiz faydalı qazıntıları üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması təklif edilir. “Report”un verdiyi xəbərə görə, bu barədə vergilər naziri Fazil Məmmədov bu gün parlamentin komitə iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı bildirib.

“Bu da dövlət və bələdiyyə büdcələrinə daxilomaların artmasına müsbət təsir göstərəcək. Xüsusilə bələdiyyə büdcələrinə. Çünki qeyri-filiz təyinatlı olan mədən məhsulları əsasən bələdiyyə mülkiyyətində olan məhsullardır. Ona görə də bu təklif bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşmasına yönəldilib”, - nazir deyib.

O qeyd edib ki, ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslərə dövriyyənin həcmindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilməsi təklif edilir: “Təqdim edilən qanun layihəsilə ticarət və iaşə fəaliyyətilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir. Bu günədək sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ illik dövriyyəsi 120 min manatadək olan ödəyicilərə verilirdi. Dəyişikliklə bunun ortadan qaldırılması təklif edilir. Ticarət fəaliyyətilə məşğul olanlar əldə edilən ümumi hasilatın həcmindən 6%, ictimai iaşə fəaliyyətilə məşğul olanlar 8 faiz dərəcə ilə sadələşdirilmiş vergini ödəməlidir. Həmin vergini ödəyən hüquqi şəxslər ƏDV, mənfəət vergisi, əmlak vergisi, fiziki şəxslər isə ƏDV və gəlir vergisindən azad edilirlər.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edən bu şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında ticarət dövriyyəsi 120 min manatdan artıq olduqda onlar ƏDV ödəyicisi kimi qeydiyyata alınmırlar. Məcburi qaydada qeydə alınma da ortadan qalxmış olur. Bu şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi onların ticarət dövriyyəsinin şəffaflaşmasına, vergitutma obyektinin genişlənməsinə, büdcəyə ödəmələrin artmasına gətirib çıxaracaq. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etməyən ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında ticarət dövriyyəsi 120 min manatdan artıq olmadığı təqdirdə həmin şəxslər ƏDV istisna olmaqla, digər vergiləri dövlət büdcəsinə ödəməlidirlər”.

Nazir xatırladıb ki, Vergi Məcəlləsinin qüvvəyə mindiyi tarixdən etibarən məhsul ötürən kəmərlər əmlak vergisindən azad olunub: “Son illər bu sahədə gəlirliyin artdığını nəzərə alaraq məhsul ötürən kəmərlərin əmlak vergisinə cəlb edilməsi təklif olunur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi