Yuxarı

​MBNP-də sığorta vasitəçiləri ilə görüş keçirilib

Görüşdə sığorta sektorunda risklərin azaldıması və əhalinin sığorta sisteminə etimadının qorunmasına dair müzakirələr aparılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Sığorta bazarına nəzarət Departamentinin rəhbərliyi ilə sığorta bazarının vasitəçiləri arasında görüş keçirilib. Bu barədə "Report"a Palatadan məlumat verilib.

Məlumata görə, görüşdə sığorta sektorunda risklərin azaldıması və əhalinin sığorta sisteminə olan etimadının qorunmasına dair inkişaf istiqamətləri müzakirə edilib, yüksək endirimlər nəticəsində sığorta təzminatlarının ödənilməsi zamanı sığortaçılar tərəfindən maneələrin yaradılması və istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınmasının vacibliyi vurğulanıb.

Sığorta iştirakçılarının məlumatlandırılması və maarifləndirilməsi MBNP-nin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, görüşdə iştirak edən sığorta vasitəçilərinə icbari sığorta bazarında yüksək komisyon mükafatları və endirimlərə dair mövcud qadağalar barədə məlumat verilib.

Həmçinin, sığorta vasitəçilərinin icbari sığorta bazarında bir sıra sığorta şirkətlərinin dempinq siyasəti alətinə çevrilməməsi üçün onlara praktik məsləhətlər və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verilib.

"Ölkə iqtisadiyyatının yeni inkişaf strategiyası sığorta sektoru qarşısında yeni çağırışlar yaradır, bazar intizamlılığı və etik davranış qaydalarına riayət olunmasını zəruriləşdirir", - deyə MBNP-dən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi