Yuxarı

MasterCard: Azərbaycan bazarına maraq artır

Elman Rüstəmov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa ölkələri üzrə prezidenti Xavier Perezi qəbul edib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının Avropa ölkələri üzrə prezidenti Xavier Perezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, görüş zamanı “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə Mərkəzi Bank arasında birgə əməkdaşlıq imkanları və ölkədə nağdsız ödənişlərin inkişafı üzrə strateji istiqamətlərə dair məsələlər müzakirə edilib.

E.Rüstəmov Mərkəzi Bank tərəfindən ölkədə nağdsız hesablaşmaların inkişafı və əhatə dairəsinin genişləndirilməsi məqsədilə mütəmadi əsasda tədbirlər həyata keçirildiyini bildirib.

O qeyd edib ki, ölkədə innovativ ödəniş texnologiyalarının tətbiqinin və ödəniş xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, ödəniş xidmətləri bazarında rəqabət mühitinin gücləndirilməsi və ödəniş xidməti istifadəçilərinin müdafiəsinin artırılması məqsədi ilə “Ödəniş xidmətləri haqqında” Qanun layihəsi hazırlanıb.

Görüşdə Xavier Perez nağdsız ödənişlərin inkişafında MasterCard ilə Mərkəzi Bank arasında sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Eyni zamanda, X.Perez MasterCard təşkilatının Azərbaycanın yüksək inkişaf templərini gələcəkdə də saxlayacağına inamlı olduğunu bildirərək, hazırda Azərbaycan bazarına marağın getdikcə artdığını qeyd edib. Bu məqsədlə o, Azərbaycan üzrə işçi heyətinin genişləndiyini, ölkəyə ayrılan maliyyə və digər resursların getdickə artacağına əminliyini ifadə edib., X.Perez Mərkəzi Bankla həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların Azərbaycana gətirilməsi baxımından yaxından əməkdaşlıq edəcəyini bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi