Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarına müraciət edib

Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarına müraciət edib Palata bank qanunvericiliyinin icrasına nəzarəti gücləndirir
Maliyyə
5 Aprel , 2017 17:19
Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarına müraciət edib

Bakı. 5 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına məktubla müraciət edib.

"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, müraciətdə "Nağdsız hesablaşmalar haqqında" qanunun müvafiq müddəaları əsas gətirilərək bankların nəzərinə çatdırılıb ki, sahibkarlara biznes kreditləri onun sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı hesaba köçürmə yolu ilə verilməli, bu halda şəxsi hesaba köçürməyə yol verilməməlidir.

Bundan başqa, müraciətdə qeyd olunub ki, qanunla dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) yalnız nağdsız qaydada həyata keçirilməlidir. Belə ki, dövlət müəssisəsindən sifariş qəbul edən sahibkarın (podratçı və yaxud subpodratçı) dövlət müəssisəsi tərəfindən köçürülmüş vəsaiti hesabından məxaric etməyə hüququ yoxdur. Dövlət müəssisəsi 5 min manata qədər sifarişi dövlət satınalması keçirmədən birbaşa verə bilər, bundan artıq məbləğ isə dövlət satınalma müqaviləsi əsasında köçürmə hesab edilir və nağd çıxarıla bilməz.

"Bu məqsədlə bank sahibkarın hesabı üzrə mədaxil əməliyyatlarını monitorinq etməli, hesab üzrə mədaxil əməliyyatları (nağd və yaxud köçürmə) dövlət müəssisəsi tərəfindən aparıldıqda belə vəsaitin hesabdan çıxarılmasına heç bir halda yol verməməlidir. Bu halda nağd çıxarılmaya imkan verən "Nağdsız hesablaşmalar haqqında" qanunda nəzərdə tutulmuş 30 min manat və yaxud 15 min manat məbləğində limit tətbiq edilmir", - deyə məktubda qeyd olunub.

"Bununla Palata bütün qanunların tətbiqinin və icrasının məcrubi olduğunu bir daha bankların nəzərinə çatdırıb və kredit təşkilatları üçün qaranlıq qalmış məqamlara aydınlıq gətirib. Məhz bu məqsədlə MBNP bank ictimaiyyəti üçün mütəmadi olaraq təlimlər və müxtəlif mövzularda görüşlər keçirir", - deyə bank dairələrindən bildirilib.

Son xəbərlər

Orphus sistemi