Londonun Lord meri: "Böyük Britaniya şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır"

Londonun Lord meri: "Böyük Britaniya şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır" Mer iki ölkənin fond bazarlarının inteqrasiyasının vacibliyini vurğulayıb
Maliyyə
2 İyun , 2015 18:17
Londonun Lord meri: Böyük Britaniya şirkətləri Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

Bakı. 2 iyun.REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Bakıda səfərdə olan London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, QKDK-nın sədri Rüfət Aslanlı Böyük Britaniya ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq əlaqələrinin mövcudluğunu və bu əlaqələrin böyük perspektivlər vəd etdiyini deyib.

R.Aslanlı ölkədə xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını, qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilərək beynəlxalq bazarlara inteqrasiyasının təmin edildiyini qeyd edib.

Komitə sədri iki ölkə arasında maliyyə bazarları sahəsində işgüzar təmasların, həmçinin ticarət və sərmayə əlaqələrinin genişləndirilməsinin qarşılıqlı əməkdaşlığa töhfə verdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

A.A.Yarrou dayanıqlı iqtisadiyyata malik Azərbaycanın mövqeyinin beynəlxalq arenada getdikcə gücləndiyini və bu baxımdan Böyük Britaniya şirkətlərinin Azərbaycana sərmayə yatırmaqda maraqlı olduqlarını bildirib. Londonun Lord meri Azərbaycanın kapital bazarında aparılan islahatların bu sahənin gələcəkdə yüksək perspektivli inkişafına zəmin yaradacağına əminliyini ifadə edərək, iki ölkənin fond bazarlarının inteqrasiyasının vacibliyini vurğulayıb.

Daha sonra maliyyə bazarlarındakı vəziyyət, investisiya resursları bazarı, korporativ sahədə dialoqun inkişaf etdirilməsi, eləcə də qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi