Yuxarı

​Lisenziyası ləğv edilən "Texnikabank"ın Azərbaycanın digər banklarına külli miqdarda borcu var

Hazırda əmlakın satılması və götürülmüş borcların geri qaytarılması istiqamətində iş aparılır

Bakı. 22 iyul. REPORT.AZ/ Hazırda ləğvetmə prosesi aparılan "Texnikabank" ASC-nin filiallarının yerləşdiyi daşınmaz əmlakların bir qismi digər maliyyə institutlarında girov qoyulub.

Bu barədə "Report"a bank sektorundakı mənbə məlumat verib.

Məlumata görə, "Texnikabank" fəaliyyəti dövründə əsasən Azərbaycan banklarından təqribən 52 mln. manat vəsait cəlb edib. Bu vəsait üçün girov qismində isə həmin əmlaklar göstərilib. Hazırda onların satılması və götürülmüş borcların geri qaytarılması istiqamətində iş aparılır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2016-cı il fevralın 1-də qəbul etdiyi qərarla "Texnikabank"ın lisenziyası  ləğv edilib. Qurum öz qərarını bankın məcmu kapitalın minimum məbləği ilə bağlı tələbə (50 mln. manat) əməl etməməsi, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olması, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi ilə əsaslandırıb.

Bankın ləğvedicisi əvvəlcə “M.M.M. Perfekt Konsaltinq” MMC olsa da, sonradan 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə bu səlahiyyət Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna verilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi