"Kapital Bank"ın aktivləri 53% artıb

"Kapital Bank"ın aktivləri 53% artıb Bank ötən ili 52 mln. manat xalis mənfəətlə başa vurub
Maliyyə
13 Yanvar , 2017 15:05
Kapital Bankın aktivləri 53% artıb

Bakı. 13 yanvar. REPORT.AZ/ “Kapital Bank” ASC-nin cəmi aktivləri 2017-ci il yanvarın 1-nə 3 096,691 mln. manat təşkil edib. “Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı il yanvarın 1-i ilə müqayisədə 53,32% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 40,92%-ni və yaxud 1 267,012 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il Bankın kredit portfeli 9,04% böyüyüb.

Hesabat ilində “Kapital Bank”ın cəmi öhdəlikləri 62,41% artaraq 2 814,524 mln. manata, o cümlədən depozit portfeli 83,22% artaraq 1 916,456 mln. manata çatıb. İl ərzində Bankın Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 22,33% və yaxud 23 mln. manat azalaraq 80 mln. manata düşüb. Təkcə ötən ilin IV rübündə azalma 1 mln. manat təşkil edib.

Ötən il “Kapital Bank”ın faiz gəlirləri 210,393 mln. manat, faiz xərcləri 86,023 mln. manat, qeyri-faiz gəlirləri 126,196 mln. manat, qeyri-faiz xərcləri 116,23 mln. manat olub. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 134,337 mln təşkil edib.

“Kapital Bank” aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 66,014 mln. manat yönəldib, 15,938 mln. manat isə mənfəət vergisi ödəyib. Beləliklə, Bank 2016-cı ili 52,385 mln. manat xalis mənfəətlə başa vurub və bu, 2015-ci ilə nisbətən 15,4% azdır.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 175 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi