Yuxarı

“Japan Credit Buro” AMB-nin keçirəcəyi islahatların icrasında iştirak edə bilər

“Japan Credit Buro” AMB-nin keçirəcəyi islahatların icrasında iştirak edə bilər

Həmçinin Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşlarının JCB brendli ödəniş kartlarından istifadə imkanının yaradılması müzakirə olunub

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Alim Quliyevin “Japan Credit Buro (JCB)” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi üzrə baş direktoru Takaşi Sutsuqu və təşkilatın regional meneceri Oleq Korostlev ilə görüşü keçirilib. 

AMB-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı “JCB” beynəlxalq kart təşkilatı ilə AMB arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart infrastrukturunun genişləndirilməsi və nağdsız hesablaşmaların artırılması üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.

A.Quliyev qonaqlara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf perspektivləri, habelə aparılan islahatlar haqqında məlumat verib.

T.Sutsuqu “JCB” təşkilatının 1961-ci ildən fəaliyyətə başladığını bildirib: “Hazırda dünya üzrə “JCB” brendli ödəniş kartlarının ümumi sayı 95 mln.-dan çoxdur. Bu ödəniş kartları dünyanın 21 ölkəsində emissiya edilir və 190 ölkəsində quraşdırılmış 32 mln.-dan çox ödəniş məntəqəsində qəbul edilir”.

Görüşdə həmçinin “JCB” beynəlxalq kart təşkilatının Azərbaycanın ödəniş kartları bazarının gələcək inkişafında rolu, ölkənin genişlənən turizm imkanlarının artdığı, beynəlxalq idman tədbirlərinə ev sahibliyi edildiyi bir şəraitdə Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşlarının JCB brendli ödəniş kartlarından istifadə imkanının yaradılması və həmçinin AMB tərəfindən həyata keçirilən islahatların icrasında yaxından iştirak istiqamətləri müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi