Yuxarı

​IFC Azərbaycanda lizinq şirkətinə 3 mln. dollar ayırıb

Vəsait Azərbaycanda iqtisadi artıma əlavə təkan vermək məqsədilə MCB Leasingə ayrılır

Bakı. 16 iyul. REPORT.AZ/ Beynəlxalq Maliyyə Korporasiyası (IFC, Dünya Bankı Qrupunun üzvü) kiçik və ortahəcmli şirkətləri dəstəkləmək, onların maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, həmçinin Azərbaycanda yeni iş yerlərini yaratmaq və iqtisadi artıma əlavə təkan vermək məqsədilə "MCB Leasing" şirkətinə 3 mln. ABŞ dolları həcmində yardım göstərəcək. Bu barədə "Report"a Dünya Bankının Bakı ofisindən məlumat verilib.

Dünya İqtisadi Forumunun 2014-2015-ci illər üzrə Qlobal Rəqabətlilik Hesabatına əsasən, maliyyə vəsaitlərinə çıxış Azərbaycandakı təsərrüfat subyektlərinin üzləşdiyi ikinci ən böyük aktual məsələdir. Lizinq xidmətləri təsərrüfat subyektlərinə tələbat yaranan əhəmiyyətli aktivlərin satın alınmasının maliyyələşdirilməsinə imkan yaratmaqla maliyyə alternativləri təminatına yardım edir.

Kredit, həmçinin IFC-nin Cənub istiqamətində investisiyaları dəstəkləmək strategiyasının bir hissəsi hesab olunur. "MCB Leasing" şirkətinin başlıca səhmdarı, Pakistanın üçüncü ən böyük özəl bankı və IFC-nin uzun müddətli tərəfdaşı, beynəlxalq səviyyədə yeni bazarlarda fəaliyyətini genişləndirməkdə maraqlı olan "MCB Bank Pakistan" maliyyə qurumudur.

Azərbaycan 1995-ci ildə IFC-nin üzvü olub və o vaxtdan IFC ölkənin maliyyə xidmətləri, infrastruktur və istehsalat sahələrindəki 53 uzun müddətli maliyyə layihəsinə toplam 362 mln. dolları üstələyən həcmdə investisiya yatırıb, digər borcverənlərdən isə təxminən 73 mln. dollar həcmində vəsait cəlb edib. Bundan əlavə IFC Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində 76 mln. dollar həcmində vəsaitlə ticarəti dəstəkləyib. IFC həmçinin özəl sektorunun inkişafına yönəlmiş məsləhət xidmətləri göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi