Yuxarı

ICD ​Azərbaycanda islam maliyyələşməsinin inkişafına əlavə dəstək verəcək

Korporasiya Vision Fund AzerCreditlə yeni müqavilə imzalayıb

Bakı. 11 fevral. REPORT.AZ/ İslam İnkişaf Bankı (IDB) Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Mərkəzi Asiya regionunda islam maliyyələşməsi inkişafının gücləndirilməsinə yardım məqsədilə Azərbaycanın "Vision Fund AzerCredit" ("VF AzerCredit") qeyri-bank kredit təşkilatı ilə yeni müqavilə imzalayıb. "Report"un xarici mediaya istinadən verdiyi xəbərə görə, məqsəd ölkə üçün şəriətə uyğun mikromaliyyə həllinin inkişaf etdirilməsinə tövsiyələrin verilməsindən ibarətdir.

"VF AzerCredit" 1996-cı ildə yaradılıb, 2002-ci ildə MMC kimi qeydiyyatdan keçib və 2003-cü ildə Mərkəzi Bankın müvafiq lisenziyasını alıb.

Təşkilatın missiyası aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsidir. Hazırda "VF AzerCredit"in 40 rayonda 46 ofisi fəaliyyət göstərir ki, bunun 22-si digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd əraziləridir. Belə kənd ərazilərində filial şəbəkəsinin sürətli genişlənməsi yaxın illərdə davamlı artımın baş verəcəyinə zəmin yaradır.

Qeyd edək ki, təşkilatın aktiv müştərilərinin sayı 80 min nəfəri ötüb, kredit portfelinin həcmi isə 83 mln. ABŞ dollarına çatıb. 

Xatırladaq ki, əsası 1999-cu ilin noyabr ayında qoyulan ICD çoxtərəfli maliyyə institutu kimi IDB Qrupunun üzvüdür. Onun əsas səhmdarı İslam İnkişaf Bankı, o cümlədən ICD-yə üzv olan 51 ölkə və üzv ölkələrdən olan beş dövlət maliyyə institutudur. ICD-nin missiyası üzv ölkələrdəki özəl sektorun inkişafını maliyyələşdirməklə onların iqtisadi inkişafını dəstəkləməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi