Yuxarı

Hesablama Palatasının əməkdaşları “İnformasiya texnologiyalarının auditi” təlim proqramını tamamlayıblar

“İT auditi” üzrə beynəlxalq sertifikatlar ilə təltif olunub

27

Hesablama Palatasının əməkdaşları ASOSAI təşkilatı tərəfindən təşkil edilmiş “İnformasiya texnologiyalarının auditi” mövzusunda və 2018-2019-cu illəri əhatə edən beynəlxalq təlim proqramını tamamlayıb.

Palatadan “Report”a verilən məlumata görə, təlim proqramı nəzəri və praktiki hissələrdən ibarət olub.

2018-ci ilin fevral ayında başlayaraq 9 həftə davam etmiş nəzəri hissə məsafədən elektron təlim aləti vasitəsilə keçirilib. Bu hissədə Asiya regionuna aid Ali Audit qurumunun 70-dən artıq təmsilçisi iştirak edib. Hər bir AAQ-ın heyəti 7 modul üzrə hazırlıqlardan keçib. Bunlar aşağıdakılardır:

Modul 1 – Audit zamanı informasiya texnologiyalarının tətbiqi, daxili nəzarət sistemi və əlaqəli risklər ilə tanışlıq;

Modul 2 – İT auditi prosesi və audit planlaşdırması matrisi;

Modul 3 – İT idarəçiliyi;

Modul 4 – İT satınalması və hazırlanması;

Modul 5 – İT əməliyyatları, saxlanma və dəstək;

Modul 6 – “Big data” və məlumat təhlili ilə tanışlıq;

Modul 7 – Audit planının hazırlanması.

Hesablama Palatasının heyəti qeyd edilən modullar üzrə təlimi bitirmiş və təşkilatçılar tərəfindən aparılmış qiymətləndirmə əsasında növbəti mərhələyə keçməyə müvəffəq olub. Təlim proqramının növbəti mərhələsi olaraq pilot İT auditinin aparılması nəzərdə tutulub. Bununla əlaqədar heyət üzvləri tərəfindən risk qiymətləndirilməsi əsasında audit olunmalı qurum və orada istifadə edilən informasiya sistemi seçilib. Daha sonra müvafiq audit planı hazırlanmış və onun xarici həmkarlarla müzakirəsi üçün Hesablama Palatasının heyəti 2-6 iyul 2018-ci il tarixlərində Türkiyə Hesablama Məhkəməsinin ev sahibiliyi ilə Ankara şəhərində keçirilmiş görüşdə iştirak edib. Görüş zamanı hər bir audit planı həmkar təşkilat təmsilçisi tərəfindən nəzərdən keçirilib və yekun planlar üzrə pilot auditlərin aparılması qərara alınıb.

Təlim proqramının sonuncu mərhələsində keçirilmiş pilot auditlərin nəticələrinin müzakirəsi nəzərdə tutulub.

Bu məqsədlə Banqkokda hər bir ölkənin AAQ-nın audit heyətlərinin rəhbərlərinin regional görüşü keçirilib. Taylandın Dövlət Auditi Ofisinin ev sahibliyi ilə keçirilmiş görüşdə 25-ə yaxın ölkə təmsil olunub. Hesablama Palatasının təmsilçisi daxil olmaqla bütün iştirakçılar keçirilmiş auditlər və onların nəticələri barədə məlumat verib. Görüşdə informasiya texnologiyalarının auditinin keçirilməsi zamanı rast gəlinən çətinliklər və onlarla bağlı çıxış yolları müzakirə edilib. Bundan əlavə, müasir dövrdə audit fəaliyyəti çərçivəsində məlumatların təhlili texnikaları, iri həcmli məlumatlardan (“Big Data”) istifadə üsulları, məlumatların təhlilində vizuallaşma və s. məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.

ASOSAI təşkilatının Potensialın Artırılması Proqramının dəstəyi ilə keçirilmiş təlim proqramının yekununda iştirakçılar “İT auditi” üzrə beynəlxalq sertifikatlar ilə təltif olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi