Yuxarı
    Bağlamaq

    Hesablama Palatası: İmişli rayon Təhsil Şöbəsi artıq əmək haqqı ödəyib

    Nöqsanlara yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunub

    Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası 2013-2015-ci illərdə və 2016-cı ilin ilk rübündə İmişli rayon Təhsil Şöbəsinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı keçirdiyi auditin nəticələrini açıqlayıb. "Report" xəbər verir ki, audit ümumilikdə 28 714,8 min manat məbləğində vəsaiti əhatə edib, ayrılmış vəsaitlərin icra səviyyəsi 92,4-95,8% təşkil edib.

    Palatanın əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində müəyyən olunub ki, lazımi avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənilib.

    Audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi müəyyən edilib.

    Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq və paralel siniflər yaradılıb və nəticədə artıq büdcə vəsaiti icra edilib.

    Şöbə tərəfindən məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

    Nazirlər Kabinetinin “Ümumi icbari təhsil fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 1998-ci il tarixli qərarına 29 mart 2010-cu il tarixli qərarı ilə edilmiş dəyişikliklərlə ümumi icbari təhsil fondunun dayandırılmasına baxmayaraq, auditlə əhatə olunan dövrdə Şöbə tərəfindən 3 halda məktəbli geyim formaları və 3 halda isə idman geyim formaları alınması, həmçinin Şöbənin balansında olan təhsil müəssisələrində istifadə olunan əmək haqqı cədvəlləri və tabel formalarının təhsil müəssisələrinin özləri tərəfindən hazırlanmasına baxmayaraq bu materialların alınması üçün vəsait ödənilməsi səbəbindən səmərəsiz xərcə yol verilib.

    Bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması, həmçinin malların (işlərin və xidmətlərin) alış qiymətinin orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub.

    Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb, istismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği binaların balans dəyərinə əlavə olunmayıb, bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb.

    2015-ci ildə kreditor borcun məbləği 19,7 dəfə artaraq 132,7 min manat olub, həmin məbləğin 98,6%-ni əməyin ödənişi ilə bağlı yaranmış borclar təşkil edib.

    Hesablama Palatasının Kollegiyası İmişli rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti İmişli rayon Təhsil Şöbəsinə göndərilib.

    Auditin nəticələri ilə bağlı Milli Məclisə və aidiyyəti üzrə Təhsil Nazirliyinə məlumat verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi