Yuxarı

Hesablama Palatası: Bəzi​ dövlət qurumları israfçılığa yol verən əməkdaşlarına qarşı tədbir görmür

Bu isə gələcəkdə nöqsanların təkrarlanması riskini artırır

Bakı. 30 aprel. REPORT.AZ/ Azərbaycanda bir sıra dövlət qurumları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, “Azərenerji” ASC, Milli Arxiv İdarəsi və Xızı rayon İcra Hakimiyyətinin rəhbərliyi büdcə vəsaitinin artıq və səmərəsiz istifadəsinə yol vermiş əməkdaşları ilə bağlı intizam tənbeh tədbirlərini ümumiyyətlə tətbiq etməyib. Bu isə gələcəkdə nöqsanların təkrarlanması riskini artırır. “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabatında göstərilib.

Palata hesabatında qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən vəsaitin də ödənilməsi təmin edilib: "Dövlət büdcəsi ilə yanaşı DSMF üzrə aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsasən, 266,0 min manat vəsait Fondun büdcəsinə bərpa edilib, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunub. Fondun rayon və ya şəhər şöbələri tərəfindən vətəndaşlara ödənişlər üzrə əskik məbləğlərin vətəndaşların hesablarına köçürülməsi təmin edilib və bu, cəmi 13,2 min manat təşkil edib".

İşlərində nöqsanlara yol vermiş 398 şəxslə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada bir sıra intizam tənbeh tədbirləri ilə bağlı məlumatlar da Hesablama Palatasına təqdim edilib.

Ötən il Palata tərəfindən Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata, 2016-cı ilin dövlət büdcəsi haqqında və DSMF-nin 2016-cı il büdcəsi haqqında qanun layihələrinə rəylər hazırlanaraq Milli Məclisə təqdim olunub. Tərtib edilmiş rəylərdə ilk dəfə olaraq Hesablama Palatasının nəticə və tövsiyələri, həmçinin ümumilikdə 98 təklif və 15 tövsiyə əks etdirilib.

"Ümumilikdə, məlumatların təhlili göstərir ki, audit olunan bəzi qurumların nöqsanların aradan qaldırılması ilə bağlı fəaliyyəti qənaətbəxş olmayıb. Belə ki, hesabat tərtib olunan dövrə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və "Azərsu" ASC tərəfindən Hesablama Palatası Kollegiyasının qəbul edilmiş qərarları tam icra edilməyib", - deyə sənəddə qeyd olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi