Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb Rəy: AZAL-ın kreditor borclarının artması likvidlik qabiliyyətinə mənfi təsir göstərir
Maliyyə
30 Yanvar , 2018 17:36
Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb
Hesablama Palatası / Report

Bakı. 30 yanvar. REPORT.AZ/ Hesablama Palatası audit zamanı “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətində bir sıra nöqsanlar aşkarlayıb. 

“Report”un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, Hesablama Palatasının Kollegiyası “Azərbaycan Hava Yolları" QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.

Auditlə həmçinin avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.

“Azərbaycan Hava Yolları” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə maliyyə hesabatlarının ictimailəşdirilməsi, gəlirlər və xərclər smetalarının tərtib olunması və aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, fəaliyyətin zərərlə nəticələnməsinin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi, bəzi aktivlərin istifadə vəziyyəti ilə əlaqədar uçot və hesabatlılıq işlərinin aparılması, dövlət əmlakının istifadəyə verilməsi üzrə icarə haqqlarının müəyyənləşdirilməsi, daxili audit sisteminin funksionallığının təmin olunması sahəsində bir sıra nöqsanlar aşkar edilib. Eləcə də kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub.

Hesablama Palatasının Kollegiyası tərəfindən nöqsan və çatışmazlıqların, əsasən, audit dövründə aradan qaldırıldığı nəzərə alınmaqla digər kənarlaşmaların qısa müddət ərzində aradan qaldırılması və həyata keçirilmiş tədbirlər barədə məlumat verilməsi məqsədilə “Azərbaycan Hava Yolları” QSC-yə Kollegiya Qərarının surəti və Təqdimat, səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanlarına məktublar göndərilib, eləcə də qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə məlumat təqdim edilib.

Son xəbərlər

Orphus sistemi