Yuxarı

"Fitch" Türkiyənin reytinqi üzrə proqnozu "neqativ"ə salıb

Bu barədə Agentliyin açıqlamasında bildirilir

Bakı. 20 avqust. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi Türkiyənin reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə dəyişib. "Report" xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.

Xatırladaq ki, iyulun 22-də Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra "Fitch" ölkənin reytinqini "BBB" səviyyəsindən "BBB-" səviyyəsinə ("zibil" səviyyəsi) qədər azaldıb. Agentlik bəyan edib ki, sözügedən hadisə Türkiyənin siyasi sabitliyi üçün riskləri artırıb. Bundan başqa, qurumun açıqlamasına görə, İstanbul və Ankara şəhərlərində baş verən terror aktları təhlükəsizlik şərtlərini pisləşdirib.

"Siyasi qeyri-müəyyənlik istehsalçılara təsir edir və ölkənin iqtisadi vəziyyətinə təhdid yaradır", - deyə "Fitch" qeyd edib.

Xatırladaq ki, Türkiyənin reytinqi ilə bağlı oxşar addımı "S&P" beynəlxalq agentliyi də atıb. Qurum ölkənin reytinqini "BB+" səviyyəsindən "BB" səviyyəsinə qədər azaldıb. Agentlik Türkiyənin milli valyutada uzunmüddətli və qısamüddətli suveren reytinqini isə "BBB-/A-3" səviyyəsindən "BB+/B" səviyyəsinə endirib.

"Çevriliş cəhdi Türkiyənin siyasi landşaftındakı qütbləşməni gücləndirib, institusional nəzarət və tarazlıq sisteminin ciddi pozulmasına səbəb olub", - deyə "S&P" bəyan edib.

"Moody’s" agentliyi isə iyulun 18-də bəyan edib ki, Türkiyənin reytinqinə yenidən baxacaq. Qurumun avqustun 6-da verdiyi açıqlamada isə bildirilib ki, yeni reytinqin müəyyən edilməsi prosesi oktyabrın ortalarına qədər çəkəcək.

Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə cəhd iyulun 15-dən 16-na keçən gecə baş verib. Hakimiyyət tərəfdarları və üsyançılar arasında baş verən qarşıdurmada 240-dan çox insan ölüb. Bundan sonra dövlət qurumlarında genişmiqyaslı "təmizləmə" işləri aparılıb: 81 mindən çox insan işdən çıxarılıb, təxminən 26 min nəfər saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi