"Fitch" agentliyi "Accessbank"ın reytinqini təsdiq edib

"Fitch" agentliyi "Accessbank"ın reytinqini təsdiq edib Bankın dayanıqlıq reytinqi “b+” səviyyəsindən “f” səviyyəsinə endirilib
Maliyyə
1 Fevral , 2017 20:38
Fitch agentliyi Accessbankın reytinqini təsdiq edib

Bakı. 1 fevral. REPORT.AZ/ "Fitch" beynəlxalq reytinq agentliyi "Accessbank" ASC-nin kredit reytinqini "BB+" səviyyəsində təsdiq edib. 

"Report" xəbər verir ki, bu, Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir və "AccessBank" ölkənin bank sektorunda ən yüksək kredit reytinqinə malik maliyyə qurumu olmaqda davam edir. 

Eyni zamanda, reytinq agentliyi bankın dayanıqlıq reytinqini “b+” səviyyəsindən “f” səviyyəsinə endirib. Buna səbəb rezervlərin əhəmiyyətli dərəcədə artırılmasıdır. Bu addım isə öz növbəsində bankın kapitalına təzyiq göstərir. Bankın kapital bazasını möhkəmləndirmək məqsədilə 2016-cı ilin dekabr ayında səhmdarlar kapitalın 20 milyon ABŞ dolları məbləğində (manat ekvivalentində) artmasını təsdiqləyib. Bu prosesin 2017-ci ilin birinci rübünün sonuna qədər həyata keçirilməsi planlaşdırılır.

"AccessBank"ın İdarə Heyətinin sədri Michael Hoffmann bu reytinqi şərh edərək deyib: "Biz IDR reytinqinin suveren BB+ səviyyəsində təsdiqlənməsini alqışlayırıq. Bu, bankın möhkəm mövqeyini və yüksək sabitliyini əks etdirir. Hazırki çətinliklərin öhdəsindən birgə gəlmək üçün biz müştərilərimizi fəal şəkildə dəstəkləyirik. Eyni zamanda, biz kreditləşməyə məsuliyyətlə yanaşaraq hər seqmentdə olan müştərilərimizi milli valyutada maliyyələşdiririk. Bankın nüfuzlu səhmdarları və onların güclü dəstəyi hazırki şəraitdə bizim ən güclü cəhətlərimizdən biridir”.

Xatırladaq ki, "Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH." adlı Almaniya konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. "Accessbank" mikro, kiçik və orta ölçülü bizneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 1 800-dən artıq əməkdaş çalışır. 

Son xəbərlər

Orphus sistemi