"Fitch": ABB-nin əlavə dövlət dəstəyinə ehtiyacı var

"Fitch": ABB-nin əlavə dövlət dəstəyinə ehtiyacı var Yanvar ayında manatın 5% ucuzlaşması əlavə 300 mln. manat dəstəyə tələbat yaradıb
Maliyyə
31 Yanvar , 2017 09:55
Fitch: ABB-nin əlavə dövlət dəstəyinə ehtiyacı var

Bakı. 31 yanvar. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bank" (ABB) ASC-nin 2016-cı ildə üzləşdiyi maliyyə itkiləri ilə əlaqədar Bankın kapital dəstəyinə ehtiyacı artıb. "Report"un "Fitch" beynəlxalq reytinq agentliyinə istinadən verdiyi xəbərə görə, Agentliyin ABB-yə verdiyi "BB" dərəcəli uzunmüddətli emitentin defolt reytinqi dövlətin Banka dəstəyinin davam etməsi zərurətini göstərir. Həmçinin, bu, Bankın kreditorlar qarşısında öhdəliklərinə əməl edəcəyinin təminatıdır.

Agentlik qeyd edib ki, ABB-nin 2016-cı ilin yekununda açıqladığı maliyyə hesabatında xalis zərər 1,4 mlrd. manat həcmində göstərilib. Bunun 1,1 mlrd. manatlıq əsas hissəsi Bankın 6 mlrd. manat hedc edilməyən valyuta mövqeyindən əmələ gəlib. Belə ki, milli valyuta - manat 2016-cı ildə 13% ucuzlaşıb. 2017-ci ilin yanvar ayında isə manatın 5% ucuzlaşması baş verib ki, bu da ABB-yə əlavə 300 mln. manat dəstək göstərilməsini zəruri edir.

"Fitch" 2017-ci ilin ilk yarısında ABB-yə 5 mlrd. manat həcmində kredit dəstəyinin olacağını bildirir. Bundan başqa, dövlətin ABB-nin valyuta mövqeyindəki uyğunsuzluğu azaltmaq üçün bir sıra qərarlar alacağı gözlənilir. Agentlik ABB-nin yanvar ayında maliyyə dəstəyinin onun kapitalına kömək edə bilməyəcəyini və əlavə dəstəyə ehtiyac olduğunu bildirir.

Agentlik qeyd edir ki, əgər ABB-yə maliyyə dəstəyi gecikərsə (bu, "Fitch"in baza sssenarisi deyil), o zaman Bankın kredit reytinqi azaldıla bilər. Həmçinin, "Fitch" ABB-nin "neqativ" olan reytinq proqnozunu Azərbaycanın suveren reytinq proqnozu ilə eyni olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi