​"FİNEX Kredit" kapitalını 20% artırır

​"FİNEX Kredit" kapitalını 20% artırır Artıq yeni səhm emissiyasının 72%-i yerləşdirilib
Maliyyə
17 İyun , 2016 16:55
​FİNEX Kredit kapitalını 20% artırır

Bakı. 17 iyun. REPORT.AZ/ "FİNEX Kredit" ASC - bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını artırmaq məqsədi ilə əlavə səhm emissiyası həyata keçirib. Bu barədə "Report"a BOKT-dan bildirilib.

Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 manat olan 1 000 səhmdən (100 min manatlıq) gedir. Səhm emissiyasını aprelin 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası qeydə alıb. Bu səhmlərin hesabına BOKT-un kapitalı 20% artırılaraq 600 min manata çatdırılacaq.

"FİNEX Kredit"də bildiriblər ki, artıq yeni səhm emissiyasının 72%-i (72 min manat) yerləşdirilib. Qiymətli kağızların alqı-satqısı üzrə 2 əqd mayın 12-də, "Bakı Fond Birjası" QSC-də, "Kapital Menecment"investisiya şirkətinin vasitəçiliyi ilə bağlanıb. Bununla da BOKT-un kapitalı 572 min manata çatıb. Səhmlərin alıcısının fiziki şəxs olduğu deyilsə də, onun adı açıqlanmır.

"Qalan 28 min manatlıq səhm isə alıcısını gözləyir. Bu səhmlər də satılandan sonra "FİNEX kredit" 600 min manatlıq nizamnamə kapitalı ilə yenidən Vergilər Nazirliyindən qeydiyyatdan keçəcək", - deyə BOKT-dan bildirilib.

Xatırladaq ki, "FİNEX Kredit" 2013-cü ilin iyun ayında yaradılıb. Bundan 1 ay sonra BOKT ilk səhm emissiyası hesabına 300 min manatlıq nizamnamə kapitalını formalaşdırıb. 2014-cü ilin noyabrında isə "FİNEX Kredit" 2-ci səhm emissiyası hesabına kapitalını 500 min manata çatdırıb.

Son xəbərlər

Orphus sistemi