​FES və "Brexit" qızılın qiymətinə ciddi təsir göstərir

​FES və "Brexit" qızılın qiymətinə ciddi təsir göstərir Qızılın iyunda 1400 dollar/unsiyaya qədər yüksəlməsi mümkündür
Maliyyə
13 İyun , 2016 19:19
​FES və Brexit qızılın qiymətinə ciddi təsir göstərir

Bakı. 13 iyun. REPORT.AZ/ Qızılın unsiyasının qiyməti Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmaqla bağlı (Brexit) referendumun nəticələrinin qeyri-müəyyənliyi və ABŞ-ın Federal Ehtiyat Sistemininin (FES) uçot dərəcələrini iyu iclasında artırmaq ehtimalının minimuma enməsi səbəbindən artım göstərib. 

"Report" xəbər verir ki, qızılın unsiyasının qiyməti son 10 gündə 80 dollar və ya 7%-ə yaxın artaraq 1287 dollara yüksəlib. Qızılın yüksəlməsinə səbəb kimi qlobal maliyyə bazarlarında FES qərarı və "Brexit" səbəbindən yarana biləcək sərt dalğalanmalardan investorların qorunmaq istəkləri görünür. 

FES-in 2016-cı ildə uçot dərəcələrini artırmaması qızılın qiymətinin 220 dollar/unsiya və ya 21% artmasına səbəb olub. ECB-nin və Yaponiya Mərkəzi Bankının (BOJ) uçot dərəcələrini neqativ bölgəyə salması heç bir gəlir gətirməyən, amma risksiz investisiya instrumenti olan qızıla tələbi artırıb.

"Brexit"lə bağlı son keçirilən sorğularda Aİ-dən ayrılmaq istəyənlərin sayını getdikcə artması müşahidə edilir. Belə ki, " The İndependent" qəzetinin iyunun 10-da keçirdiyi sorğuda respondentlərin 55%-i Aİ-dən ayrılmaq istədiyini bildirib. "Capital Economics"ə görə "Brexit"in baş tutması halında qızılın unsiyasının 1400 dollara qədər yüksəlməsi mümkün ola bilər.

"Report" analitik qrupu hesab edir ki, iyunun 23-də keçiriləcək olan "Brexit" referendumuna qədər qızıla tələbin davam etməsi və unsiyanın qiymətinin 1300 dolları keçməsi proqnozlaşdırılır. Qızılın yüksəlməsi iyunun 15-də FES-in uçot dərəcələrini böyük ehtimalla artırmaması qərarının açıqlanması ilə sürətlənəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi