Yuxarı
    Bağlamaq

    Fazil Məmmədov: “Vergi Məcəlləsinə beynəlxalq təcrübə əsasında bir sıra mütərəqqi yeniliklər edilib”

    Nazir bu barədə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında yerləşdirilmiş məqaləsində bildirib

    Bakı. 1 mart. REPORT.AZ/ “İqtisadiyyatda yeni eranın başlanması 2016-cı ildə vergi sistemində də fundamental islahatları labüdləşdirib”. 

    “Report” xəbər verir ki, bunu vergilər naziri Fazil Məmmədov Avropadaxili Vergi Administrasiyaları Təşkilatının saytında (www.iota-tax.org) yerləşdirilmiş məqaləsində qeyd edib.

    Nazir bildirib ki,  “Strateji Yol Xəritəsi”ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır: “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə dair sənəddə, eləcə də “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə yeni dövrdə vergi sisteminin qarşısında duran mühüm vəzifələr öz əksini tapır. Bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi və şəffaflığın daha da artırılması, sahibkarlara əlverişli şəraitin yaradılması, habelə ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi, verginin stimullaşdırıcı təsirinin önə çəkilməsi və vergi inzibatçılığının daha da təkmilləşdirilməsidir. Bu istiqamətdə atılan mühüm addımlardan biri də Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"dir ki, bu da ötən il həyata keçirilən tədbirlərin əsas konturlarını müəyyən edib”.

    F.Məmmədov iri vergi ödəyicilərində elektron auditin tətbiqi dairəsi genişləndirildiyini qeyd edib: “Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” sistemi kimi innovativ alətlər uğurla tətbiq olunub, iri vergi ödəyicilərində elektron auditin tətbiqi dairəsi genişləndirilib, vergi yoxlamalarının bütün növlərinin həyata keçirilməsi ilə bağlı qaydalar təkmilləşdirilib, elektron xidmətlərin sayı artırılıb, ölkəmizə turist axınının artımında mühüm rol oynayan «Tax free» sisteminin tətbiqinə başlanılıb. 2016-cı ildə OECD-nin Qlobal Forumunun Qiymətləndirmə Qrupu Azərbaycan Respublikasının vergi sistemində şəffaflığın və məlumat mübadiləsi sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı hesabatı qəbul edərək ölkəmizə yüksək reytinq verib. Bundan başqa, intizamlı vergi ödəyicilərinə «yaşıl dəhliz» prinsipi əsasında fərdi və sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Bütün bunlar vergi sistemində şəffaflığın daha da artırılmasına, vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılmasına şərait yaradıb”.

    Nazirin sözlərinə görə, 2016-cı il vergi qanunvericiliyinin təkmilləşdirilməsi baxımından əhəmiyyətli il olub: “Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə qısa müddət ərzində beynəlxalq təşkilatlar, maliyyə institutları, sahibkarların ictimai birlikləri, biznes nümayəndələri ilə sıx və konstruktiv dialoq əsasında Vergi Məcəlləsinə və digər qanunvericilik sənədlərinə həm həcm, həm də mahiyyət baxımından ciddi və böyük dəyişikliklər edilməsi ilə bağlı layihələr hazırlanıb və 2016-cı ilin sonunda qəbul edilib. Bu dəyişikliklərin əsas məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, vergi yükünün optimallaşdırılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, onların vaxt itkisinə məruz qalmaması və vergi öhdəliklərinin daha rahat şəkildə yerinə yetirilməsi, bir sıra vergi ödəyiciləri üçün güzəştlərin müəyyən edilməsi yolu ilə sosial bərabərliyin təmin olunması, nağdsız əməliyyatların həcminin artırılması, vergitutma bazasının genişləndirilməsi, pul dövriyyəsinin tənzimlənməsi, bankların likvidliyinin və bilavasitə vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, uçotun dürüstlüyünün və şəffaflığının təmin olunmasıdır”.

    F.Məmmədovun sözlərinə görə, Vergi Məcəlləsinə beynəlxalq təcrübəyə əsaslanan bir sıra mütərəqqi yeniliklərlə bağlı müddəalar da əlavə edilib: “Bunların sırasına vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydası və vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edən "Könüllü vergi açıqlaması" sisteminin tətbiqi, transfert qiymətlərinə və ofşor zonalarda qeydiyyatdan keçmiş müəssisələrlə aparılan əməliyyatlara nəzarət mexanizmlərinin qurulması, rəqəmsal iqtisadiyyatın, xüsusilə elektron ticarət üzərində vergi mexanizmlərinin yaradılması daxildir. E-ticarət üzərində vergi mexanizmlərinin yaradılması hazırda dünya vergi administrasiyalarının qarşısında duran həlli mürəkkəb problemlərdən biridir. Bu sahədə vergi mexanizmlərinin qurulması məqsədilə bir çox ölkələrin, xüsusilə aparıcı Avropa dövlətlərinin təcrübəsi öyrənilib və MDB məkanında problemin ən effektiv və spesifik həlli məhz Azərbaycanın vergi qanunvericiliyində öz əksini tapıb. Göründüyü kimi, qanunvericiliyə edilmiş dəyişikliklər çoxvektorlu hədəflər müəyyən edir ki, bu da, şübhəsiz, vergi administrasiyasının yeni tələblərə uyğunlaşdırılması zərurətini yaradır. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi sahəsində son illər görülən böyük həcmli işlər, həmçinin qarşıya qoyulmuş yeni hədəflər daha çevik, yeni tələblərə adaptasiya oluna bilən, öz vəzifələrini zamanın çağırışlarına dərhal və adekvat uzlaşdıra bilən, müasir korporativ idarəetmə prinsiplərinə söykənən dinamik struktura malik administrasiyanın qurulmasını tələb edir. Vergi administrasiyasının rəhbərliyi qarşıya qoyulmuş bu hədəfin reallaşdırılması üçün praktiki addımlar atıb. Həm qanunvericilik, həm də vergi sistemində inzibatçılığın təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatları koordinasiya etmək məqsədilə Vergilər Nazirliyində İdarəetmə Mərkəzi yaradılıb. Bu Mərkəz Vergilər Nazirliyində keçirilən kollegiya iclaslarında qəbul edilmiş tədbirlər planlarında nəzərdə tutulmuş məsələlərin çevik və sürətlə icra edilməsi məqsədilə hazırda intensiv işlər görür”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi