Yuxarı

​Əmtəə bazarında qiymətlər 7 illik minimuma enib

Bunun səbəbi dolların möhkəmlənməsi və Çin iqtisadiyyatının zəifləməsi ilə bağlıdır

Bakı. 6 avqust. REPORT.AZ/ Dünya bazarında əmtəə qiymətləri 2008-ci ildə baş verən son qlobal böhran zamanındakı həddə düşüb. Xatırladaq ki, 2008-ci ilin oktyabrında qlobal maliyyə böhranı ABŞ-ın "Lehman Brothers Holdings" bankının iflası ilə başlamışdır. Artıq 7 il keçməsinə baxmayaraq, "Bloomberg Commodity Index"inə (Bloomberg Xammal-Əmtəə İndeksi) daxil olan 22 komponentdən 18-nin qiyməti tarixi maksimal səviyyəsindən 20% geriləyib.

"Report" xəbər verir ki, "Lehman Brothers Holdings" bankının iflas etməsi 2008-ci ildə dünya bazarının dərin depressiyaya girməsinə səbəb olub. Hazırda isə dünya iqtisadiyyatını təhdid edən amil ABŞ dollarının möhkəmlənməsi və Çin iqtisadiyyatının zəifləməsidir. Bu iki səbəb qlobal izafi istehsal amili ilə birlikdə xammal-əmtəə qiymətlərinin "ayı trendi", yəni azalma tendensiyasının davam etməsinin əsasını təşkil edir. Belə ki, "Bloomberg Commodity Index"inin 4 komponenti öz qiymətini qoruyub saxlaya bilib. Bu, qarğıdalı, təbii qaz, buğda və mal-qaradır. Onların qiymətinin düşməməsinə səbəb isə qeyri-sabit hava şəraiti və təchizatda yaranan problemlərdir.

Qeyd edək ki, qlobal hedc fondları da daha çox pessimistliyə qapılaraq ilin qalan hissəsi üçün xammal-əmtəə qiymətlərində azalmanın olacağını proqnozlaşdırır. Maliyyə menecerləri ilin sonuna qədər "Bloomberg Commodity Index"ində əsas ağırlıq təşkil edən iki komponent - neft və qızılın qiymətinin daha da düşəcəyini bildirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi