Yuxarı

Əmanətlərin Sığortalanması Fondunun borc cəlb etməsi mexanizmi dəyişdirilir

Bununla bağlı Əmanətlərin sığortalanması haqqında qanuna dəyişiklik ediləcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən borc vəsaitlərinin cəlb edilməsində dəyişiklik edilir. Fondun likvid (nağd pula tez çevrilən) aktivləri son hesabat dövrünə qorunan əmanətlərin 1%-dən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Himayəçilik Şurası Fond tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Əmanətlərin sığortalanması haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsində bildirilir.

Həmçinin dəyişikliyə əsasən, ƏSF borc vəsaitinin alınması üçün Mərkəzi Banka müraciət etdikdə Bank Fonda dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər. Mərkəzi Bank, belə müraciətin daxil olduğu günün sonrakı iş günündən gec olmayaraq, müraciətin daxil olması barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verir. Müvafiq icra hakimiyyəti orqanı 10 iş günündən gec olmayaraq dövlət zəmanətinin verilməsi barədə qərar qəbul edir. Dövlət zəmanətinin verilməsi barədə qərara müvafiq olaraq 10 iş günündən gec olmayaraq Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış şərtlərlə Fonda kredit verir.

Qeyd edək ki, hazırda borc vəsaitlərinin cəlb edilməsi kompensasiyaların ödənilməsi ilə bağlı Fondun likvid aktivlərinin cəmi 1 mln. manatdan aşağı düşdükdə və ya bu səviyyədən aşağı enməsi ehtimalı yarandıqda, Himayəçilik Şurası ƏSF tərəfindən borc vəsaitlərinin cəlb edilməsi barədə qərar qəbul edə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi