​EBRD: Rusiyada resessiya 2016-cı ildə davam edəcək

​EBRD: Rusiyada resessiya 2016-cı ildə davam edəcək Azalan neft qiymətləri və sanksiyalar Rusiya iqtisadiyyatına neqatıv təsir göstərir
Maliyyə
15 May , 2015 10:11
​EBRD: Rusiyada resessiya 2016-cı ildə davam edəcək

Bakı. 15 may. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2016-cı ildə Rusiya iqtisadiyyatının 2% azalacağını proqnozlaşdırır. "Report"un verdiyi xəbərə görə, Bank 2015-ci ildə isə Rusiyada ÜDM-in 4,5% azalacağını ehtimal edir. Qeyd edək ki, bu ilin yanvar ayında EBRD Rusiya iqtisadiyyatının cari ildə 4,8% azalacağını proqnozlaşdırmışdır.

Proqnozun bir qədər müsbət istiqamətdə korrektə edilməsinə baxmayaraq, Bank uzun müddətdə Rusiya iqtisadiyyatına skeptik yanaşır. Gələn il ÜDM-in 2% azalacağını ehtimal edən EBRD, sonrakı illərdə də cüzi artım və ya staqnasiya olacağını proqnozlaşdırır. Məruzədə, avropalı təhlilçilər, onsuz da zəifləyən Rusiya iqtisadiyyatına azalan neft qiymətlərinin və tətbiq olunan sanksiyaların neqatıv təsirini xüsusi qeyd ediblər. Həmçinin ölkənin ciddi struktur islahatları həyata keçirməsinin vacibliyi vurğulanır.

Rusiya İqtisadi İnkişaf Nazirliyi isə ÜDM-in 2016-cı ildə neftin barelinin qiymətinin 60 dollar olacağı təqdirdə 2,3% artacağını proqnozlaşdırır. Bununla yanaşı vurğulanır ki, 2016-2018-ci illərdə iqtisadi artım 2,7-3,3% təşkil edəcək. Qeyd edək ki, aprel ayında sabiq maliyyə naziri Aleksey Kudrin də Rusiya iqtisadiyyatının yaxın 5 ildə durğunluqda olacağını bəyan edib.

Orta proqnozlar isə göstərir ki, böhrandan qurtulduqdan sonra Rusiya iqtisadiyyatı resessiya mərhələsinə daxil olacaq. Bu fikirlə Rusiya "Sberbank"ının sədri German Qref də razılaşıb. O qeyd edib ki, yaxın zamanlarda struktur islahatları keçirilməsə, ölkədə iqtisadi artım üçün stimul əldə olunmayacaq.

Son xəbərlər

Orphus sistemi