Yuxarı

Dünya Bankının regional direktoru Henri Kerali: "​Rublun ucuzlaşması Azərbaycana təsirsiz ötüşəcək"

H.Kerali: Hesab edirəm ki, tezliklə dünya bazarında neftin qiyməti bahalaşacaq

Bakı. 17 noyabr. REPORT.AZ/ Son aylar ərzində Rusiya rublunun aparıcı xarici valyutalara qarşı məzənnəsinin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına mənfi təsir etməyəcək. Bunu "Report"a açıqlamasında Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali (Henry Godfrey Rupiny Kerali) deyib. 

H.Kerali bunu Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələrinin o qədər də yüksək səviyyədə olmaması ilə əlaqələndirib: “Rublun ucuzlaşması daha çox Rusiyaya mənfi təsir göstərəcək. Hesab edirəm ki, Azərbaycanın Rusiya ilə ticarət əlaqələrinin olmasına baxmayaraq, bu əlaqələr lap yüksək səviyyədə deyil və məhz buna görə də rublun tənəzzülü bəzi MDB ölkələrinə nisbətən Azərbaycana təsir etməyəcək. Digər tərəfdən, Azərbaycan hələ Avrasiya İqtisadi Birliyinin üzvü deyil. Azərbaycan artıq elan edib ki, həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyinin ölkələri ilə əməkdaşlığa açıqdır".

Dünya Bankı rəsmisinin sözlərinə görə, son aylarda dünya bazarında ucuzlaşması davam edən neftin qiyməti tezliklə yüksələcək: "Düşünürəm ki, bu, həmin ucuzlaşmanın nə qədər davam etməsindən asılıdır. Hesab edirəm ki, tezliklə neftin qiyməti dünya bazarında bahalaşacaq. Əminəm ki, neftin qiyməti bahalaşacaq, lakin nə vaxt bahalaşacağını deyə bilmərəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi