Yuxarı

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artıb

Gəlirlər 3,6 milyon manat artaraq 756 milyon manat olub

Bakı. 10 aprel. REPORT.AZ/ Cari ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə artıb.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

"Cari ilin birinci rübündə, ilkin məlumata görə, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 milyon manat artaraq 756 milyon manat olub ki, bu da yanvar və fevral ayları üzrə pensiyaları qrafikdən əvvəl, mart ayında isə Novruz bayramınadək maliyyələşdirməyə imkan verib", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Fondun 762 milyon manat həcmində xərclərinin 98,4 faizini pensiya və müavinət xərcləri təşkil edib.

"Pensiyaların baza hissəsinin fevralın 1-dən 10 faiz artırılması nəticəsində fevral-mart aylarında bu məqsədə əlavə olaraq 26,5 milyon manat vəsait yönəldilib. Həmçinin əmək pensiyalarının sığorta hissəsi əvvəlki ilin 4 faizlik istehlak qiymətləri indeksinə uyğun artırılıb. Bundan əlavə, bəzi kateqoriya hərbi qulluqçuların vəzifə maaşlarında baş vermiş artımlarla bağlı hərbi pensiyalar orta hesabla 23 manat artıb.

Bütün bunların nəticəsində pensiyaların orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7 faiz artaraq 190 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 210 manat olub", - deyə Səlim Müslümov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi