Yuxarı

​Çin yuanın devalvasiyasını davam etdirəcək

Artıq yayda Çində dolların məzənnəsinin 6,80 CNY/USD-yə kimi yüksəlməsi mümkündür

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Çin Xalq Bankı (Mərkəzi Bank) ABŞ dollarının rəsmi məzənnəsini fevral ayından sonra ən minimal həddə qaldırıb. "Report" xəbər verir ki, ÇXB məzənnəni 6,5531 CNY/USD səviyyəsinə yüksəldib. Buna səbəb isə mayın 18-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) açıqladığı protokollarda iyun ayına qədər iqtisadi göstəricilərin müsbət davam etməsi halında uçot dərəcəsini artıra biləcəyi fikri olub. Çin bununla da FES-ə çatdırmaq istəyib ki, uçot dərəcəsinin artırılması nəticəsində yaranacaq təzyiqin qarşısnı indidən almaq niyyətindədir. Belə ki, FES-in monetar siyasətdə sərtləşməyə getməsi inkişaf etməkdə olan bazarlardan ABŞ-a maliyyə axınına səbəb olacaq. Baxmayaraq ki, yuanın devalvasiyası da Çindən kapital axınının sürətləndirir, ABŞ-da uçot dərəcəsinin artması bu prosesi daha kəskin forma almasına səbəb ola bilər. Qeyd edək ki, FES-in növbəti iclası iyunun 13-14-də keçiriləcək.

Qeyd edək ki, yanvar ayında da ÇXB yuanı 1,5% devalvasiya edib, ölkənin fond indeksləri 5-6% aşağı düşüb. Nəticədə, dünya maliyyə bazarlarında xaos yaranıb. FES isə qlobal bazarların vəziyyətindən narahat olduğunu son iki iclasında təkrarlayıb və hər hansı neqativ tendensiya görülərsə uçot dərəcəsini artırmayacağını bildirib. Formal olaraq isə Çin yuanın devalvasiyasını dəstəkləmədiyini dəfələrlə açıqlayıb.

"Report"un analitik qrupu hesab edir ki, Çin yaxın günlərdə yuanın devalvasiyasını davam etdirəcək, lakin məzənnənin 6,60 CNY/USD səviyyəsini keçməsinə izn verəcək. Qeyd edək ki, 6,60 CNY/USD səviyyəsi 2011-ci ilin mart ayından etibarən məzənnənin ən yüksək həddi hesab edilir. Yay aylarında dolların məzənnəsinin 6,80 CNY/USD-yə qədər artması gözlənilir. Belə olarsa, dünya valyutalarının bir qədər devalvasiyaya uğraması qaçılmaz olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi