Cənub Qaz Dəhlizi layihəsi AİB-in illik toplantısında müzakirə olunub

Cənub Qaz Dəhlizi layihəsi AİB-in illik toplantısında müzakirə olunub Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının 49-cu İllik Toplantısında iştirak edir
Maliyyə
3 May , 2016 10:56
Cənub Qaz Dəhlizi layihəsi AİB-in illik toplantısında müzakirə olunub

Bakı. 3 may. REPORT.AZ/ Frankfurt şəhərində (Almaniyanın) Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 49-cu İllik Toplantısı işə başlayıb. Mayın 5-dək davam edəcək toplantıda Azərbaycanın maliyyə naziri, Bankın Direktorlar Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

"Report"un Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə,"Davamlı inkişaf naminə əməkdaşlıq" devizi altında keçirilən illik toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 3 min nəfərdən çox nümayəndə iştirakı edir.

Toplantı çərçivəsində maliyyə naziri S.Şərifovun AİB-in prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vençay Janq, Divakar Gupta və digər rəsmilərlə keçirdiyi işgüzar görüşlərdə Bank ilə birgə həyata keçirilən mövcud layihələrin əhəmiyyəti qeyd olunub, Azərbaycanda elektrik enerjisi təminatının daha da yaxşılaşdırılması, enerjipaylayıcı şəbəkələrin təkmilləşdirilməsi, habelə regionların su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icra vəziyyəti müzakirə olunub. Görüşlərdə həmçinin, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində AİB-in iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in baş qərargahı Manilada (Filippin) yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunub. Azərbaycan Bankın Direktorlar Şurasının 2015-ci ildə keçirilən 48-ci İllik Toplantısına ev sahibliyi edib.

Son xəbərlər

Orphus sistemi