Yuxarı

​BVF: Rublun ucuzlaşması MDB ölkələrinə mənfi təsir edəcək

Proqnoz: Qlobal iqtisadi artım 2015-2016-cı illərdə 3,5-3,7% olacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Dünya iqtisadiyyatının 2015-2016-cı illərdə 3,5-3,7% artacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu proqnoz Beynəlxalq Valyuta Fondunun (BVF) 2014-cü ilin yekunlarına həsr edilmiş hesabatında yer alıb.

Hesabata görə, ötən il qlobal iqtisadi inkişaf tempi proqnozlaşdırılandan 0,3 faiz bəndi az olub ki, bu da özünü oktyabr ayından etibarən daha açıq büruzə verib. Qlobal iqtisadi artımın zəif olmasının başlıca səbəbi kimi neftin ucuzlaşması göstərilir.

Buna baxmayaraq, maliyyə bazarlarında qısamüddətli durğunluqdan sonra aktivlik müşahidə edilməyə başlayıb. BVF-nin məlumatına görə, hazırda Avrozona və Yaponiyada aşağı inflyasiya və durğunluq müşahidə olunur.

Qurumun ekspertləri hesab edirlər ki, neftin qiymətinin sentyabrdan etibarən 55% düşməsi neftdən asılı olan bəzi dövlətlərə mənfi təsir göstərib. Həmçinin ABŞ və digər istehsalçıların hasilatı azaltmaması neftin tam ucuzlaşmasına səbəb olub.

BVF Avrozonadakı inkişafın 2015-ci ildə 1,2%, 2016-cı ildə isə 1,4% civarında olacağını proqnozlaşdırır. Avrozona ilə oxşar problemlərlə qarşılaşan Yaponiyada isə 2015-ci ildə inkişaf tempinin 4,3%, 2016-cı ildə isə 4,7% olacağı ehtimal edilir. Çində iqtisadi inkişaf tempinin dünya üzrə orta göstəricidən daha yüksək olacağı proqnozlaşdırılır.

BVF-nin Rusiya ilə bağlı proqnozlarında göstərilir ki, Rusiya rublunun dəyərdən düşməsi və neftin ucuzlaşması təkcə RF deyil, MDB ölkələrinin iqtisadi inkişafına da mənfi təsir edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi