Yuxarı

BOKT: Müştərilər dollar kreditlərini bank köçürməsi ilə ödəyirlər

Köçürmə tapşırığından digər kredit təşkilatları da istifadə edirlər

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda son günlər nağd dollar satışının məhdudlaşması bu növ valyutada krediti olanların ödəniş etməsində çətinliklər yaradıb. Bunu "Report"a açıqlamasında "İnkişaf üçün Maliyyə" bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyev deyib.

Onun sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi müştərilərə bankda manatla hesab açmaq və ödənişi köçürmə tapşırığı əsasında dollara çevirərək BOKT-un hesabına ödəmək təklif olunur: "Bu üsul imkan verir ki, 1-2 gün gecikmə ilə olsa da, müştərilər dollarla ödəniş edə bilsinlər. Köçürmə tapşırığından digər kredit təşkilatları da istifadə edir".

C.Əliyev onu da qeyd edib ki, hazırda rəhbərlik etdiyi qurum valyuta riskinə baxmayaraq manatla kreditləşməni davam etdirir: "Biz hec fondları vasitəsilə xaricdən cəlb etdiyimiz təxminən 4 mln. ABŞ dolları məbləğində vəsaiti ilk devalvasiyaya qədər məzənnə riskindən sığortalamışdıq. Hələ ki, həmin hec müqavilələri qüvvədədir və manatla borc verə bilirik. Hazırda isə həmin fondlar Azərbaycan manatını hec etmir".

Onun sözlərinə görə, "İnkişaf üçün Maliyyə"nin kreditləşdirdiyi borcalanların demək olar ki, hamısı kiçik sahibkarlıq və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərdir: "Bundan sonra da fəaliyyətimizin əsas istiqaməti, vəsaitimiz imkan verdiyi qədər, kiçik ailə-kəndli təsərrüfatlarını maliyyələşdirmək olacaq".

C.Əliyev əlavə edib ki, hazırda Azərbaycan BOKT-ları ümumiyyətlə vəsait cəlb edə bilmir. Dollarla cəlb edilmiş vəsaitlərin isə bazarda yerləşdirilməsi çətindir. Onun fikrincə, bu vəziyyət kiçik kapitallı kredit təşkilatlarının bazarı tərk etməsi ilə nəticələnə bilər.

Xatırladaq ki, "İnkişaf üçün Maliyyə" MMC 2002-ci ildə yaradılıb. Hazırda onun məcmu kapitalı 2,8 mln. manatdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi