Yuxarı
    Bağlamaq

    ​Beynəlxalq Bank Rusiya rublunda əmanətləri ləğv edib

    Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir

    Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin 17 aprel tarixli qərarına əsasən, aprelin 21-dən etibarən faizlərin ödənilməsi müddətinin sonunda nəzərdə tutulan əmanətlər ləğv edilib. 

    “Report” ABB-nin saytına istinadən xəbər verir ki, bu qərar “Uşaq” əmanəti və 12 ay müddətinə yerləşdirilən digər əmanətlərə şamil edilmir.

    Həmin qərara görə, həmçinin Rusiya rublu valyutasında depozitlər (əmanətlər) ləğv edilib, 100 000 manat və ya digər valyutada onun ekvivalenti və yuxarı məbləğdə hər bir depozit əqdi üzrə yerləşdirilən əmanətlərə müəyyən olunmuş faiz dərəcəsinə 0,5%-in əlavə edilməsi qüvvədən düşüb, bununla yanaşı, “Qızıl depozit” və “Avans” əmanət növləri ləğv edilib.

    Bankın yaydığı məlumata görə, aprelin 21-dən əvvəl bağlanmış, faizlərin ödənilməsi müddətin sonunda nəzərdə tutulan əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

    Həmçinin qərar qəbul edilən tarixindən əvvəl bağlanmış “Qızıl depozit”, “Avans” və Rusiya rublunda əmanət müqavilələri müqavilə müddəti başa çatanadək qüvvədə qalır. Həmin müqavilələrin müddəti bitdikdən sonra müvafiq əmanətlərə faizlər hesablanmır və müqavilələrə xitam verilir.

    Bankın xəbərdarlığına görə, əmanət müqaviləsi müddəti başa çatmamış əmanətçi tərəfindən ləğv edilərsə, əmanət üzrə hesablanmış faizlər ödənilmir. Əvvəl hesablanmış və əmanətçi tərəfindən artıq alınmış faizlər əmanətin ümumi məbləğindən çıxılır.

    Əgər müddət başa çatdıqdan sonra əmanətin məbləği əmanətçi tərəfindən tələb olunmayıbsa, müqavilə eyni müddətə uzadılmış hesab olunur, o şərtlə ki, bank müqavilənin müddətinin uzadılmasına razı olsun. Bank müqavilənin müddətinin uzadılmasına razı olmadıqda əmanətçinin əmanəti ona əvvəlcədən rəsmi xəbər verməklə geri qaytarılır.

    Xatırladaq ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının qərarı ilə 2015-ci il fevral ayının 24-dən Fond tərəfindən sığortalanan bank əmanətləri üzrə faiz dərəcələrinin yuxarı həddi illik 12%-dək (məbləği 30 000 AZN və ya onun ekvivalentində digər valyuta) təyin olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi