Bəşir Quliyev: "Azərbaycanda meyvə ixracı 24 milyon ABŞ dolları artıb"

Bəşir Quliyev: "Azərbaycanda meyvə ixracı 24 milyon ABŞ dolları artıb" Assosiasiya sədri: "Tərəvəz ixracı 129 milyon dollara çatıb"
Maliyyə
30 Yanvar , 2017 22:19
Bəşir Quliyev: Azərbaycanda meyvə ixracı 24 milyon ABŞ dolları artıb

Bakı. 30 yanvar. REPORT.AZ/ 2015-ci illə müqayisədə meyvə ixracı 24 milyon ABŞ dolları həcmində artaraq ötən ildə 244 milyon dollara, tərəvəz ixracı isə 37 milyon dollar artaraq 129 milyon dollara çatıb.

"Report" xəbər verir ki, bunu Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.

O, qeyd edib ki, bu, regional və qlobal səviyyədə davam edən mürəkkəb iqtisadi proseslər şəraitində ölkəmizə əlavə valyuta gətirilməsində mühüm rol oynayır. İstehsal edilən məhsullar ənənəvi hesab olunan Rusiya və digər keçmiş ittifaq respublikalarının bazarları ilə yanaşı, artıq Avropa, ərəb və uzaq Asiya ölkələrinə ixrac olunur.

Dövlət başçısının tapşırığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə meyvə-tərəvəz istehsalı və ixracı istiqamətində reallaşdırılan tədbirlərin koordinasiyasını təmin etmək məqsədilə ötən il Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası yaradılıb. Assosiasiyamızın əsas məqsədlərindən biri də bu sahədə fəaliyyət göstərən sahibkarları birləşdirməklə, qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına kömək göstərmək, sahibkar-dövlət münasibətlərini daha da inkişaf etdirmək və xüsusilə ixrac potensialını artırmaqla, onun coğrafiyasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərməkdir".

Assosiasiya sədri bildirib ki, müxtəlif dövlət dəstək mexanizmlərinin, o cümlədən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə istehsalçılara 256 milyon manat güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində bundan sonra da bu sahə sürətlə inkişaf edəcək, ixrac imkanlarımız daha da artacaq.

Son xəbərlər

Orphus sistemi