"Başak-İnam" sığorta şirkəti nizamnamə kapitalını artırır

"Başak-İnam" sığorta şirkəti nizamnamə kapitalını artırır Əlavə səhm emissiyasının həcmi 1 mln. manatdır
Maliyyə
12 Noyabr , 2014 14:33
Başak-İnam sığorta şirkəti nizamnamə kapitalını artırır

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Başak-İnam Sığorta Şirkəti” ASC-nin adi adlı sənədli səhmlərinin emissiya prospektini qeydə alıb. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeydə alınan emissiyanın ümumi həcmi 1 mln. manat, hər bir səhmin nominal dəyəri 200 manat, qiymətli kağızların sayı 5 min ədəddir. Emissiyanın yerləşdirilməsində anderrayter qismində "Çelsi Kapital" MMC çıxış edir.

Qeyd edək ki, "Başak-İnam"ın səhmdarlarının bu günlərdə keçirilən növbədənkənar ümumi yığıncağında şirkətin nizamnamə kapitalının 50% artırılaraq 9 mln. manata çatdırılmasına dair qərar qəbul olunub. Belə ki, bu il şirkətin nizamnamə kapitalı 7 mln. manata, 2015-ci ildə 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata çatdırılacaq.

Xatırladaq ki, Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir və noyabrın 4-də Nazirlik “Başak-İnam" sığorta şirkətinin kapitalını yetərsiz hesab edib və 6 ay müddətində bu kapital yetərsizliyini aradan qaldırmağı tələb edib. Məsələni şərh edən şirkətin İdarə Heyətinin sədri Orxan Həsənov "Report"a bildirib ki, kapitalda təxminən 400-500 min manat (10%) məbləğində çatışmazlıq olub.

Qeyd edək ki, şirkət ümumilikdə 26 sığorta növü üzrə əhaliyə xidmətlər göstərərək, 2013-cü il ərzində 4,1 mln. manat sığorta haqqı toplayıb və 1,8 mln. manat sığorta ödənişi həyata keçirib. Bu ilin ilk 10 ayı ərzində şirkət 2,5 mln. manat sığorta haqqı toplayıb və 1,1 mln. manat sığorta ödənişi həyata keçirib.

Son xəbərlər

Orphus sistemi