Yuxarı

"Bank Standard" müştərilərə vəsaitlərin qaytarılması qaydalarını açıqlayıb

Bank debet hesabı olan müştərilərinə həftəlik olaraq 1 000 manatdan çox olmamaq şərtilə vəsait ödəyəcək

Bakı. 3 iyun. REPORT.AZ/ "Bank Standard" QSC debet hesabı olan müştərilərinə həftəlik olaraq 1 000 manatdan çox olmamaq şərtilə vəsait ödəyəcək. Bu barədə "Report"a Bankdan məlumat verilib.

"Bu qayda fərdi müştərilərin, eləcə də fiziki və hüquqi şəxslərin həm cari, həm də depozit hesablarına aiddir", - deyə Bankdan bildirilib.

Beləliklə, Bank müştərilərinə ay ərzində təxminən 4 000 manat vəsait qaytaracaq.

Eyni zamanda qeyd olunub ki, "Bank Standard"da digər əməliyyatların nə vaxt bərpa olunacağı hələ müəyyənləşməyib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası son 1 ayda "Bank Standard"ın aktivlərinin səfərbər edilməsi və likvidlik səviyyəsinin normallaşdırılması istiqamətində tədbirlər görüb. Bu tədbirlər nəticəsində bu gündən fiziki şəxslərin "Bank Standard"dakı 1 000 manata qədər olan xırda əmanətlərinin ödənişinə başlanılıb. Bununla yanaşı, Bankın və onun müştəriləri olan təşkilatların əməkdaşlarına əmək haqqının ödənişi də davam edəcək. Digər ödənişlər üzrə moratorium isə məhkəmənin qərarı ilə 1 ay müddətinə uzadılıb.

Palatanın Direktorlar Şurasının qərarına əsasən, "Bank Standard"a 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib. Buna səbəb, son dövrlər Bankın aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində likvidlik və kapital mövqeyinin zəifləməsi, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklərin yaranması amilləri olub. MBNP "Bank Standard"da yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün yoxlama təyin edib. Palatanın qiymətləndirməsi müəyyən edib ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyil.

Məhz bu səbəbdən yaranmış problemləri tənzimləmək üçün MBNP tərəfindən Banka inzibatçı təyin edilmişdir və Bankın likvid aktivlərinin səfərbər edilməsi, lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 3 may tarixindən etibarən 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılmışdır (moratorium qoyulmuşdur).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi