​"Bank of Baku" istehlak kreditləşməsini biznes kreditləri ilə əvəz edir

​"Bank of Baku" istehlak kreditləşməsini biznes kreditləri ilə əvəz edir İstehlak kreditlərinin Bankın kredit portfelində payı 95%-dən 81%-ə düşüb
Maliyyə
9 Avqust , 2016 17:29
​Bank of Baku istehlak kreditləşməsini biznes kreditləri ilə əvəz edir

Bakı. 9 avqust. REPORT.AZ/ "Bank of Baku" ASC-nin fiziki şəxslərə verdiyi kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 342,582 mln. manat təşkil edib. "Report" xəbər verir ki, bu barədə Bankın maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% azdır. İstehlak kreditlərinin "Bank of Baku"nun kredit portfelində payı isə 95,3%-dən 80,8%-ə düşüb.

Əvəzində Bank ticarət və xidmət sektorunun maliyyələşdirməsini kəskin artırıb. Belə ki, iyulun 1-nə kredit təşkilatı adı çəkilən sektora 74,253 mln. manat borc verib və bu, 1 il əvvələ nisbətən 3,6 dəfə çoxdur. Ticarət və xidmət sektorunun kredit portfelində payı isə 3,5%-dən 17,5%-ə yüksəlib.

Son 1 ildə "Bank of Baku"nun kənd təsərrüfatına ayırdığı kreditlər isə cüzi azalıb. Belə ki, Bank aqrar sektora 6,008 mln. manat kredit verib və bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2% azdır. Fermerlerin kredit portfelində payı isə 1%-dən 1,4%-ə çatıb.

"Bank of Baku"nun sənayeyə kredit qoyuluşları da azalıb. Belə ki, Bank sənaye sektoruna cəmi 770 min manat borc verib. Bu isə illik müqayisədə 20,3% azdır. Sənaye müəssisələrinin kredit portfelində payı yenə də cəmi 0,2%-dir.

"Bank of Baku"nun maliyyə lizinqinə yönəltdiyi vəsait isə təxminən 14,9% artıb və 463 min manat təşkil edib. Bankın lizinq portfeli ümumi portfeldə cəmi 0,1% paya malikdir.

Xatırladaq ki, "Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər

Orphus sistemi