Bakıda EUROSAI təşkilatının işçi qrupunun toplantısı keçirilib

Bakıda EUROSAI təşkilatının işçi qrupunun toplantısı keçirilib İki gün davam edən toplantıda 13 ölkənin ali audit qurumlarının 30 nümayəndə iştirak edib
Maliyyə
7 Aprel , 2016 11:08
Bakıda EUROSAI təşkilatının işçi qrupunun toplantısı keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 6-7-də Bakıda Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupunun II toplantısı keçirilib. "Report" xəbər verir ki, toplantıda 13 ölkənin ali audit qurumundan 30 nümayəndə iştirak edib.

Məlumata görə, Azərbaycan Hesablama Palatası da daxil olmaqla EUROSAI-ın 9 üzvünün iştirak etdiyi, ilk toplantısı Lüksemburqda keçirilən EUROSAI-ın bu İşçi Qrupunun 2-si müşahidəçi olmaqla 20 üzvü var.

"Fəlakətlə bağlı yardımın auditinə dair təlimatlar: fırıldaqçılıq və korrupsiya riskləri, məlumat əldə edilməsində yeni metodlardan istifadə" mövzusuna həsr olunmuş toplantıda Palatanın auditoru Vaqif Həsənov və Ukrayna Hesablama Palatasının üzvü, Kənd təsərrüfatı sahəsi, təbiətin mühafizəsi və fövqəladə halların auditi Departamentinin direktoru Mariya Şuleşko iştirak ediblər.

İştirakçıların və proqramın gündəliyinin təqdimatından sonra Türkiyə Hesablama Məhkəməsinin baş auditoru xanım Arifə Coşkunun “Fəlakət riskinin azaldılmasının auditində ISSAI:5510-dan necə istifadə etməli?” mövzusunda təqdimatı dinlənilib və müzakirə edilib.

İndoneziya Audit Şurası və Ukrayna Hesablama Palatasının məsul əməkdaşları tərəfindən təqdim olunmuş məruzələrdən sonra Niderland Audit Məhkəməsinin əməkdaşı Eqbert Yonqsma (Egbert Jongsma) "Fəlakətin idarə edilməsinin auditində coğrafi məlumatdan istifadə" mövzusu ilə "Skype" vasitəsilə seminara qoşulub.

Tədbirin ilk iş gününün sonunda tədbir iştirakçıları Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar.

Toplantının ikinci iş günündə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun açılış nitqi ilə başlayıb. Ukrayna Hesablama Palatasının sədri Roman Maqutanın, İtaliya Hesablama Məhkəməsinin prezidenti Rafael Squityerinin (Raffaele Squitieri) açılış nitqindən sonra Ukrayna Hesablama Palatasının üzvü Mariya Şuleşkonun moderatorluğu ilə plenar sessiya keçirilib.

V.Gülməmmədov 20-dən artıq Avropa ölkəsinin ali audit qurumunun, eləcə də Azərbaycan Hesablama Palatasının üzv olduğu İşçi Qrupunun fəaliyyətinin bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Xüsusi Qrup ilk dəfə EUROSAI-nın Krakov şəhərində (Polşa) keçirilmiş VII Konqresində yaradılıb. Sonra EUROSAI təşkilatının 2014-cü ildə Haaqa şəhərində (Niderland) keçirilmiş IX Konqresində bu qrupun statusu daha da gücləndirilərək İşçi Qrupu adlandırılıb.

Onun sözlərinə görə, son illər istər təbii, istərsə də insan amilinin təsirindən yaranan fəlakət və qəzaların sayı artıb: "Bu isə, ümumilikdə, sosial və demoqrafik amillərlə yanaşı, dünya ölkələrinin iqtisadiyyatına xeyli dərəcədə maddi ziyan vurur. Bununla əlaqədar olaraq, ali audit qurumları qarşısında yeni vəzifələr ortaya çıxır və biz də, öz növbəmizdə, İşçi Qrupunun üzvləri olaraq qarşımızda duran vəzifələri icra edirik. Toplantıda bu sahədə bilik və təcrübəmizi bölüşəcəyik. Ali audit qurumları olaraq bu fəaliyyətin düzgün təşkili və şəffaflığın təmin edilməsinə önəm veririk. Bu sahədə qəbul edilmiş ali audit qurumlarının beynəlxalq standartlarının tətbiqi fəaliyyətimizin daha da güclənməsinə kömək edəcək".

Ukrayna Hesablama Palatasının sədri Roman Maquta isə çıxışında dünyada təbii fəlakətlərin, zəlzələlərin, vulkan püskürmələrinin sayının ildən-ilə artdığını deyib. Ukraynalı auditor hesab edir ki, bu hadisələr insanlara və ətraf mühitə böyük ziyan vurur və ali audit qurumları bu problemlərdən kənarda qalmır.

R.Maqutanın sözlərinə görə, ötən il Fəlakətlərə və qəzalara ayrılmış vəsaitlərin auditi üzrə İşçi Qrupuna Macarıstan və Latviya üzvü seçilib. O, missiyanın məqsədinin ali audit qurumlarının səylərini bir araya gətirmək, təbii fəlakətlərin qarşısının alınması ilə bağlı maarifləndirmə işlərinin aparılması olduğunu da qeyd edib: “Son 10 ildə dünyada 700 mln.-dan çox insan təbii fəlakətlərin qurbanı olub, yarım milyard insan ziyan çəkib. Ümid edirəm ki, bu tədbir mövcud problemlərin həllində mühüm rol oynayacaq".

İtaliya Hesablama Məhkəməsinin prezidenti Rafael Squityeri (Raffaele Squitieri) "Fəlakət və qəzaların, xüsusilə hidroloji riskin azaldılması məqsədilə aparılmış tədbirlər üzrə İtaliya Hesablama Məhkəməsinin auditləri" mövusunda təqdimatla çıxış edib. İtaliya Hesablama Məhkəməsinin prezidenti müzakirə olunan sahədə ölkəsinin Azərbaycanla əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

"İtaliya ərazisinin 10%-i böyük risklərlə üz-üzədir. Son 20 ildə İtaliyada təbii fəlakətlərin qarşısının alınmasına 52 mlrd. avro xərclənib, son 5 ildə 1 mlrd. avrodan çox vəsait fövqəladə hadisələrə ayrılıb. Fəlakətlərin yumşaldılması üçün daha çox vəsait xərclənir", - deyə italiyalı qonaq vurğulayıb.

Ukrayna Hesablama Palatası beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Mixaylo Tolstanov "Fevral 2015-Mart 2016 müddətində İşçi Qrupunun fəaliyyəti barədə" hesabatı təqdim edib.

Daha sonra Türkiyə, İndoneziya, Ukrayna, Azərbaycan, Bolqarıstan, İtaliya, Polşa ali audit qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb, Ukrayna, Belarus və Polşa tərəfindən aparılmış "Buq çayının çirklənmədən mühafizəsi üzrə tövsiyələrin tətbiqi ilə bağlı beynəlxalq koordinasiyalı auditin ilkin nəticələri" ilə bağlı məruzə müzakirə edilib. Sessiyaya Ukrayna Hesablama Palatasının üzvü M.Şuleşko yekun vurub.

Son xəbərlər

Orphus sistemi