Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı işə başlayıb

Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı işə başlayıb Bir çox qlobal əhəmiyyətli məsələlər diqqət mərkəzində olacaq
Maliyyə
2 May , 2015 09:33
Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı işə başlayıb

Bakı. 2 may. REPORT.AZ/ Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı bugün işə başlayıb.

"Report"un verdiyi xəbərə görə, İllik Toplantıda 3000-ə yaxın iştirakçı, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələri iştirak edir.

“İnkişaf naminə tərəfdaşlığın gücləndirilməsi” devizi altında keçirilən İllik Toplantının Rəhbərlər Şurasının əsas iclasında, seminarlarda və panel müzakirələrdə bir çox qlobal əhəmiyyətli məsələlər diqqət mərkəzində olacaq. Beləki, İllik Toplantının birinci günü “Azərbaycan 2020-ci il: “Qabaqcıl və Çoxşaxəli İqtisadiyyata doğru”, “AİB-BVF Seminarı: Asiya tərəqqisinin qorunub saxlanılması üçün maliyyə sektorunun inkişafı”, mayın 3-də “Asiyanın İnkişaf Sütunları üçün Gələcək Aparıcılar - Çin Xalq Respublikası, Hindistan, İndoneziya”, “AİB-Almaniya Seminarı: Yaşayış üçün münasib olan Asiya şəhərlərində problemlər və imkanlar”, “İnkişaf Potensialı və İnkişaf Modellərinin yenidən nəzərdən keçirilməsi” və digər mövzularda keçiriləcək seminar və panel müzakirələrdə Asiya regionunun tanınmış tədqiqatçıları və alimləri iştirak edəcək. Mayın 4-də Direktorlar Şurasının üzvlərinin iştirakı ilə rəsmi açılış sessiyası, ardınca isə “Asiya üzrə Enerji Siyasətinin Yenidən qiymətləndirilməsi”, “Gənclərin Son Debatı”, “Gender Bərabərliyi İqtisadiyyatı”, “Təbii fəlakətlər üzrə təlimlər: Dayanıqlı Cəmiyyətlərin təşkili”, “İnfrastruktur Maliyyələşdirməsinin Yerli Cəmiyyətlərə Təsiri” panellərində müzakirələr davam etdiriləcək. Tədbirin sonuncu günündə Direktorlar Şurasının ikinci iş sessiyası ilə yanaşı, “Azərbaycanın da yerləşdiyi regionla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq və inteqrasiyanın genişləndirilməsi” və digər mövzularda seminarlar təşkil olunacaq və AİB-in prezidentinin yekun mətbuat konfransı ilə İllik Toplantı öz işini yekunlaşdıracaq.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bu müddət ərzində AİB Azərbaycan Hökumətinə 1.8 milyard ABŞ dolları, özəl sektor təşkilatlarına isə 168 milyon ABŞ dolları həcmində kredit və 18 milyon ABŞ dollarına yaxın qrantlar ayırıb.

Son xəbərlər

Orphus sistemi