Yuxarı
    Bağlamaq

    "Azercell Telecom"un aktivləri 8% artıb

    Mobil rabitə operatoru 2016-cı ili 81,4 mln. manat xalis mənfəətlə başa vurub

    Bakı. 13 mart. REPORT.AZ/ “Azercell Telecom” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 921,619 mln. manat təşkil edib.

    “Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 8,4% çoxdur.

    “Azercell Telecom”un aktivlərinin 51,9%-ni və yaxud 478,481 mln. manatını uzunmüddətli aktivlər təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,6% azdır. Şirkətin qısamüddətli aktivləri isə ötən il 23,6% artaraq 443,138 mln. manata çatıb.

    Hesabat dövründə mobil rabitə operatorunun öhdəlikləri 11,7% azalaraq 73,524 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 3,6% azalaraq 14,627 mln. manata, qısamüddətli öhdəlikləri isə 13,5% azalaraq 58,897 mln. manata düşüb.

    Ötən il ərzində "Azercell Telecom"un nizamnamə kapitalı sabit (42,08 mln. manat) qalsa da, məcmu kapitalı 10,6% artaraq 848,095 mln. manat olub.

    Keçən il operatorun gəlirləri 392,88 mln. manat (2015-ci illə müqayisədə 4,4% az), xərcləri 304,387 mln. manat (21,7% çox) təşkil edib. Son nəticədə Şirkətin əməliyyat mənfəəti 88,493 mln. manat olub ki, bu da illik müqayisədə 44,9% azdır.

    Bundan başqa, “Azercell Telecom” 2,275 mln. manat maliyyə gəliri (29,7% az), 43,958 mln. manat isə pul vəsaitləri və onların ekvivalentləri üzrə xarici valyuta mübadiləsindən gəlir (71,6% az) əldə edib, 2015-ci ilə nisbətən isə 17,5% az – 53,301 mln. manat mənfəət vergisi ödəyib. Beləliklə, Şirkət 2016-cı ili 81,425 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə 2015-ci illə müqayisədə 68% azdır.

    Xatırladaq ki, "Azercell Telecom" 1996-cı ildə yaradılıb. Onun sahibi 100% Türkiyənin "Azertel Telekomünikasyon ve Yatırım Dış Ticaret A.Ş." şirkətidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi