Yuxarı

​Azərbaycanın xarici dövlət borcu 5% artıb

Xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,5%-ə çatıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanın xarici dövlət borcunun məbləği 2014-cü il oktyabrın 1-nə 6 380,7 mln. ABŞ dolları (5 005,1 mln. manat), xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,5% təşkil edib. Nəticədə, ilin əvvəlindən xarici dövlət borcu 5,3%, ÜDM-ə nisbəti isə 0,3 faiz bənd artıb. “Report”un xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Borc vəsaitlərinin 7,4%-i 10 ilə qədər, 61,3%-i 10 ildən 20 ilə qədər, 31,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

Hesabat tarixinə xarici borc üzrə alınan kreditlərin 10,4%-i XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 63,7%-i ABŞ dolları, 21,7%-i avro, 2,2%-i yapon yeni, 0,8%-i İslam dinarı, 0,5%-i Səudiyyə rialı, 0,5%-i BƏƏ dirhəmi, 0,2%-i Küveyt dinarındadır.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi