Yuxarı

Azərbaycanın sığorta bazarı I rübdə 14% artıb

Azərbaycanda toplanmış sığorta haqlarının 69%-i könüllü sığorta növlərinin payına düşüb

Bakı. 14 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 27 sığorta şirkətinin xətti ilə 134,8 mln. manat sığorta haqqı toplanıb. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına istinadən verdiyi xəbərə görə, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər 35,75 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% çoxdur.

Bu ilin ilk üç ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 26,5 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-mart aylarında 24,2 manat olub.

Hesabat rübündə Azərbaycanda toplanmış sığorta haqlarının 69,1%-i (93,1 mln. manat) könüllü sığorta növlərinin payına düşüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur. İcbarı sığorta növlərində yığımlar isə 41,7 mln. manat və ya bazarın 30,9%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 35,4% artıb.

Ümumi ödənişlərin 72,5%-i (25,9 mln. manat) könüllü sığorta növlərinin payına düşüb və 2014-cü ilin eyni dövrünə nisbətən bu göstərici 30,5% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 9,8 mln. manat və ya ümumi bazarın 27,5%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,9% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 27,8 manat ödəniş həyata keçirilib (2014-cü ilin I rübündə - 22,8 manat). İcbari sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,3 manatdan 23,6 manata düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi