Yuxarı
    Bağlamaq

    Azərbaycanın qiymətli kağızlar bazarı 33% böyüyüb

    Bu ilin I rübündə fond bazarında 2,28 mlrd. manatlıq əməliyyat aparılıb

    Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 33% artaraq 2,28 mlrd. manat təşkil edib.

    “Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 89% artaraq 1,1 milyard manata çatıb. Korporativ qiymətli kağızlar bazarının 11% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 84% artıb.

    2017-ci ilin ilk rübü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 8 dəfə artmasına səbəb olub. Ümumilikdə səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 58 dəfədən çox artaraq 777 mln. manata çatıb.

    Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 84% artaraq 284 mln. manat təşkil edib. Bunun 207 mln. manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Bu dövr ərzində 72 mln. manat məbləğindən artıq qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilib. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 16,58% təşkil edib.

    Cari ilin birinci rübü ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 903 milyon manat olan valyuta əsaslı və ümumi dəyəri 57 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 961 mln. manat olub və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artım müşahidə edilib.

    Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 2,7 mln. manat olub. Bunun 63%-ni yəni 1,7 mln. manatını dövlət istiqrazları ilə olan 4 repo əməliyyatı təşkil edib. Qalan 998 min manat məbləğində 2 repo əməliyyatı isə korporativ istiqrazlarla həyata keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi