​Azərbaycanın neft-qaz sektoruna investisiya yönümlü malların idxalı 86% artıb

​Azərbaycanın neft-qaz sektoruna investisiya yönümlü malların idxalı 86% artıb Azərbaycanın neft-qaz sektorunda daxilolmalar əsasən ixrac və xarici sərmayələr hesabına formalaşır
Maliyyə
9 İyul , 2015 13:12
​Azərbaycanın neft-qaz sektoruna investisiya yönümlü malların idxalı 86% artıb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanın neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sahə üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıq və xidmətlərin idxalını əks etdirir. Nəticədə, 2015-ci ilin yanvar-mart aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 2,17 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, hesabat dövründə neft-qaz sektorunun ixracı 3 796,5 mln. dollar olub. İnvestisiya yönümlü mallar, yəni xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların dəyəri 300,1 mln. dollar olub. Bu dövrdə ödənişlərdə (325,7 mln. dollar) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (86,8 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (136,7 mln. dollar) təşkil edib. Neft-qaz sektoru üzrə birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi həcmi isə 774,5 mln. dollar olub.

Qeyd edək ki, neft-qaz sektoru üzrə yaranmış müsbət saldo 2014-cü ilin analoji dövrü ilə müqayisədə 2 830 mln. dollar və ya 57% azdır. İnvestisiya yönümlü maşın-avadanlıqların həcmi isə 139,1 mln. dollar və ya 86% artıb. Bununla yanaşı, beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası 489,2 mln. dollar və ya 60% azalıb, birbaşa investisiyalar formasında cəlb edilən xarici sərmayə isə 87,7 mln. dollar və ya 13% artıb.

Son xəbərlər

Orphus sistemi