Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın müstəqil ekspertləri hökumət və Mərkəzi Banka müraciət edib

    Pul siyasətinə yenidən baxılması, sosial müdafiə proqramlarının genişləndirilməsi təklif edilir

    Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci il üçün müəyyənləşdirdiyi pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətlərinə yenidən baxıb korreksiyalar aparmalıdır. "Report"un məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının "Manatın devalvasiyasının Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və gözlənilən nəticələrin qiymətləndirilməsi" mövzusunda təşkil etdiyi ekspert müzakirəsinin sonunda qəbul edilən qətnamədə bildirilir.

    Bundan başqa, valyuta əməliyyatlarının tənzimlənməsi ilə bağlı normativ sənədlərə yenidən baxaraq onları təkmilləşdirməklə hazırkı şəraitdə banklar və valyutadəyişmə məntəqələri tərəfindən spekulyasiyaların qarşısı alınmalıdır.

    Depozitlərin və kreditlərin faiz dərəcələrinin tənzimlənməsi onların orta göstəriciləri arasında fərqin azaldılması üçün mövcud pul kredit alətlərindən daha çevik istifadə, nağdsız hesablaşmaların infrastrukturunu genişləndirməklə, eləcə də onu stimullaşdırmaqla gizli pul dövriyyəsi, iqtisadiyyatda dollarlaşmanın səviyyəsinin azaldılması təklif edilir. Həmçinin yaranmış vəziyyətlə bağlı AMB izahat işlərini genişləndirməlidir.

    Sənədin Nazirlər Kabinetinə ünvanlanan hissəsində isə qeyd olunur ki, aztəminatlı əhalinin normal yaşayışını təmin etmək üçün pensiya və maaşların indeksləşdirilərək artırılmalı, sosial müdafiə və sosial təminat proqramları genişləndirilməli, ünvanlı sosial yardım paketi artırılmalıdır.

    Bununla yanaşı, investisiya fəaliyyəti üçün əlverişli biznes mühitinin yaradılması, antiinhisarçılıq siyasətinin gücləndirilməsi, azad sahibkarların işinə dövlət orqanlarının yersiz müdaxilələrinin qarşısının alınması, izafi mənfəət əldə edilməsi məqsədilə təsərrüfat subyektləri tərəfindən süni qiymət artımına qarşı mübarizənin gücləndirilməsi, iqtisadçı mütəxəssislərdən ibarət daimi əsaslarla fəaliyyət göstərən Ekspert Şurasının yaradılması tövsiyə olunur.

    Ekspertlər istehlakçıları və iş adamlarını bu ərəfədə ehtiyatlı davranmağa, ailə büdcəsi və bizneslə bağlı iqtisadçı və hüquqşunasların məsləhətləri əsasında əsaslandırılmış və rasional qərarlar qəbul etməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi