​Azərbaycan gələn il dövlət borcuna xidmətlə bağlı xərcləri artıracaq

​Azərbaycan gələn il dövlət borcuna xidmətlə bağlı xərcləri artıracaq Gələn il əsas borc və faizlər üzrə xərclərin ödənilməsinə 1,250 mlrd. manat xərclənəcək
Maliyyə
15 Sentyabr , 2015 12:16
​Azərbaycan gələn il dövlət borcuna xidmətlə bağlı xərcləri artıracaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər (əsas borc və faizlər üzrə xərclər) üçün 1 249,7 mln. manat həcmində vəsait nəzərdə tutulub ki, bu da 2015-ci illə müqayisədə 473,5 mln. manat və yaxud 61,0% çoxdur.

"Report"un 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən verdiyi xəbərə görə, əvvəlki illə müqayisədə həmin xərclərin artımı əsasən xarici valyutada ifadə olunmuş borc öhdəliklərinin manatın cari ildəki korreksiyasından (devalvasiyası) sonra yenidən qiymətləndirilməsi, eyni zamanda, bir sıra layihələr üzrə faiz və əsas borcların ödəniş müddətlərinin növbəti ildə başa çatması ilə bağlıdır.

Layihədə deyilir ki, dövlətin daxili və xarici borclarının idarə edilməsi, cəlb edilmiş kreditlər üzrə borc öhdəliklərinin vaxtında yerinə yetirilməsi istiqamətində aparılan iş 2016-cı ildə də davam etdirilməklə, kreditlərin əsasən kredit alan təşkilatların öz vəsaitləri hesabına ödənilməsi üçün tədbirlər görüləcək.

Qeyd edək ki, 2015-ci il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə imzalanmış sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği 6,6 mlrd. dollar ekvivalentində olub. 

İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ÜDM-in 12,2%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 686,5 dollar olub.

Ölkəyə cəlb edilmiş kreditlərin 36,2%-ni sabit dərəcə, 63,8%-ni dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.

İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 7%-i 10 ilədək, 59,7%-i 10-20 il, 33,3%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Son xəbərlər

Orphus sistemi