Azərbaycanın brilyant bazarında qiymətlər sabit qalıb

Azərbaycanın brilyant bazarında qiymətlər sabit qalıb Dünya bazarında isə tələbatın azalması nəticəsində qiymətlər 25% düşüb
Maliyyə
16 Mart , 2016 15:50
Azərbaycanın brilyant bazarında qiymətlər sabit qalıb

Bakı. 16 mart. REPORT.AZ/ Dünya bazarında brilyanta olan tələbatın azalması ilə qiymətlər 25% düşüb. "Report"un "Qlobal Brilyant Sənayesi-2015" hesabatına istinadən verdiyi xəbərə görə, 2014-cü il və 2015-ci ilin ilk yarısında 4-8% artım göstərən brilyant satışı xüsusilə ABŞ-da müsbət dinamika nümayiş etdirib. 

"Bain&Company" beynəlxalq konsaltinq şirkəti və "Anwerp" Dünya Brilyant Mərkəzi tərəfindən hazırlanan hesabatda Çin brilyant bazarının yavaşladığı və bunun da qiymətlərə mənfi təsir göstərdiyi qeyd olunub. Bu müddət ərzində xam brilyant (almaz) hasilatı 4% azalaraq 125 mln. karatdan az olub. Əsas azalma Avstraliya və Afrikada qeydə alınıb. Hesabatda bildirilib ki, 2014-2015-ci illərdə istehlakçıların dayanıqlı tələbatının formalaşmasında uzun müddət davam edən problemləri bir daha üzə çıxarıb. "Bain&Company" şirkətinin "Lüks mallar sektoru" hesabatında Avropa, ABŞ və Yaponiya başda olmaqla, bütün dünyada istehlakçıların lüks mal tələbi davranışlarının dəyişdiyi bildirilib. Gənc nəslin isə brilyant istehlakına olan münasibəti bilinmir. İstehlakçının son zamanlar etimadını azaldan neqativ amil isə brilyant bazarına sintetik malların daxil olması ilə bağlıdır. "Bain&Company"yə görə, xam brilyant tələbatının yaxın 15 il ərzində orta hesabla ildə 3-4% artacağı proqnozlaşdırılır.

Azərbaycan bazarında brilyantın qiymətinə gəldikdə isə Mərkəzi Univermaqdakı mənbələrdən "Report"a bildirilib ki, manat ekvivalentində brilyantın qiyməti dəyişməyib. Zinət əşyaları əsasən qızılın qiymətinin həm qlobal bazarda yüksəlməsi, həm də daxili bazarda dolların məzənnəsinin yüksəlməsi nəticəsində kəskin artıb. Bu da alıcılıq qabiliyyətini aşağı salıb. Mənbənin məlumatına görə, Azərbaycan bazarında ən çox tələb olunan brilyant "I color" və "H color" növləridir ki, hazırda bu növlərdə 1 karatlıq brilyant daş 6 000 manata, 5 ədəd 0,2 karatlıq brilyant daşlar isə toplam 1 200 manata satılır.

Son xəbərlər

Orphus sistemi