Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın "Açıq Büdcə İndeksi-2015”də mövqeyi yüksəlib

    Milli Məclisin nəzdində ixtisaslaşmış büdcə tədqiqatları ofisinin formalaşdırılması təklif edilir

    Bakı. 10 sentyabr. REPORT.AZ/ Beynəlxalq Büdcə Tərəfdaşlığı təşkilatı tərəfindən açıqlanan “Açıq Büdcə İndeksi-2015"də Azərbaycan 100 mümkün baldan 51 bal toplayaraq indeksin 2012-ci il raundunun nəticəsi (100 baldan 42 bal) ilə müqayisədə mövqeyini daha da yaxşılaşdırıb.

    "Report"un verdiyi xəbərə görə, əgər Azərbaycan “Açıq Büdcə İndeksi-2012”dəki qiymətləndirmədə iştirak edən 100 ölkə arasında 58-ci yerdə qərarlaşmışdısa, builki hesabatda 102 ölkə arasında 42-ci yeri tutub. Azərbaycanın indeksdə topladığı bal (51) qlobal ortalamadan (45) bir qədər yüksəkdir.

    “Açıq Büdcə İndeksi” 140 sualdan ibarət olan “Açıq Büdcə Sorğusu”nun (Open Budget Survey) 109 sualı əsasında tərtib edilir. İndeks 8 əsas büdcə sənədinin (büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik büdcə icmalı, illik yekun hesabat, audit hesabatı) hökumət və ali audit qurumu tərəfindən vaxtında və əhatəli şəkildə ictimaiyyətə açıqlanması səviyyəsini ölçür.

    Ötən ilin martından bu ilin sentyabrına qədər 18 aylıq dövrdə 102 ölkədə eyni vaxtda aparılan bu qlobal tədqiqat layihəsinin Azərbaycan üzrə tədqiqatçısı Kənan Aslanlı bildirib ki, Azərbaycanın mövqeyinin indeksdə yaxşılaşmasının əsas səbəbi Maliyyə Nazirliyinin vətəndaş büdcəsini hazırlayıb ictimaiyyətə təqdim etməsi olub. 

    "Bununla belə, büdcəöncəsi bəyanat və yarımillik büdcə icmalı sənədlərinin beynəlxalq standartlara uyğun olaraq vaxtında hazırlanıb açıqlanmasına ehtiyac var. Azərbaycan büdcə prosesində ictimai iştirakçılıqla bağlı qiymətləndirmədə 100 mümkün baldan 19 bal toplayıb (qlobal ortalama 25). Bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Maliyyə Nazirliyi və Milli Məclisin İqtisadi siyasət Komitəsi tərəfindən dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr edilmiş açıq ictimai dinləmələr keçirilə bilər", - K.Aslanlı qeyd edib.

    Onun sözlərinə görə, indeksin Azərbaycan üzrə ölkə hesabatında parlament və ali audit qurumu - Hesablama Palatasının büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində effektiv təsir imkanlarının gücləndirilməli olduğu da vurğulanıb. Həmçinin, Milli Məclisin nəzdində ixtisaslaşmış büdcə tədqiqatları ofisinin formalaşdırılması təklif edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi