Yuxarı

​Azərbaycandakı sığorta şirkətlərinin 9-da yığım, 15-də isə ödənişlər artıb

Daxilolmalar və ödənişlərə görə bazarın lideri Paşa Sığorta şirkəti olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə bazarın lideri "Paşa Sığorta" şirkəti olub. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov məlumat verib.

O bildirib ki, şirkət 8 ay ərzində 46 mln. manat həcmində sığorta haqqı toplayıb. Sonrakı yerləri tutan "Paşa Həyat Sığorta"nın yığımları 39,2 mln. manat, "Atəşgah Sığorta"nın yığımları isə 32,7 mln. manat olub. Sığorta yığımlarının məbləğinə görə ilk beşliyi "Azərsığorta" (27,9 mln. manat) və "Atəşgah Həyat Sığorta" (27,8 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, bazarın 55,5%-i məhz ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 173,6 mln. manat) düşür.

Hesabat dövründə ən az sığorta haqqı toplayan isə "Başak İnam" (809 min manat), "Amrah Sığorta" (591 min manat), "Azərqarant" (138 min manat) və "Günay Sığorta" (53 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 1,59 mln. manat olub və ümumi sığorta yığımlarının 0,5%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabr ayında dayandırılmış, bu ilin iyun ayında isə ləğv edilmiş "Era-Trans", praktiki olaraq fəaliyyətini dayandırmış "Çartis Azərbaycan" sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.

Ümumilikdə, ölkədəki 27 sığorta şirkətindən 3-də sığorta haqlarının məbləği 30 mln. manatdan çox, 3 şirkətdə 20 mln. manatdan çox, 5 şirkətdə 10 mln. manatdan çox, 4 şirkətdə 5-10 mln. manat, 6 şirkətdə 1-5 mln. manat, 2 şirkətdə 0,5-1 mln. manat, 4 şirkətdə isə 500 min manatdan az olub. Şirkətlərdən 9-da sığorta haqlarının artımı, 18-də isə azalması baş verib.

Təhlil olunan dövrdə sığorta ödənişlərinin məbləğinə görə də lider "Paşa Sığorta" şirkəti (19,4 mln. manat) olub. Sonrakı yerləri tutan "Qala Həyat Sığorta"nın ödənişləri 16,1 mln. manat, "Atəşgah Sığorta"da 10,3 mln. manat təşkil edib. Ödənişlərin məbləğinə görə isə ilk beşliyi "Atəşgah Həyat Sığorta" (9,6 mln. manat) və "Azərsığorta" (8,3 mln. manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 54,8%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 63,7 mln. manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə "Era-Trans" (179 min manat), "Günay Sığorta" (72 min manat), "Çartis Azərbaycan" (53 min manat), "İpək Yolu Sığorta" (37 min manat) və "Azərqarant" (2 min manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 343 min manat olub ki, bu da ödənişlərin cəmi 0,3%-ni təşkil edir.

Ümumilikdə, 27 sığorta şirkətindən 3-də ödənişlərin məbləği 10 mln. manatdan çox, 5-də 5 mln. manatdan çox, 11-də 1-5 mln. manat, 1 şirkətdə 0,5-1 mln. manat, 3 şirkətdə 0,1-0,5 mln. manat, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi