Yuxarı

Azərbaycanda yaşıllaşdırma sahələrinin suvarılmasında səmərəsiz xərclərə yol verilib

Azərbaycanda yaşıllaşdırma sahələrinin suvarılmasında səmərəsiz xərclərə yol verilib

Hesablama Palatası nöqsanların aradan qaldırılması, bu nöqsanlara yol vermiş vəzifəli şəxslərə qarşı qanuni tədbirlərin görülməsi üçün təqdimat verib

Bakı. 31 iyul. REPORT.AZ/ Hesablama Palatasının Kollegiyası 2015-2016-cı illərdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-yə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini təsdiq edib. Audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 18 631,2 min manat məbləğində vəsaiti əhatə edib.

“Report” bu barədə Hesabalama Palatasına istinadən xəbər verir.

Məlumatda deyilir ki, ASC tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən əsas fəaliyyəti üzrə qulluq göstərilən yaşıllıq sahələri əvvəlki illərin faktiki göstəricisinə nisbətən kəskin fərqlə çox göstərilib və nəticədə xərclərə olan proqnoz məbləğləri ötən illərin icra məbləğlərindən çox hesablanılıb, büdcə vəsaitinin istifadəsi üzrə əməyin ödənişi ilə bağlı Vahid Tarif Cədvəli üzrə dərəcələrə görə müəyyən olunmuş məbləğlərdən artıq vəsaitlər proqnozlaşdırılıb və icra edilib.

Büdcə vəsaitlərinə artıq tələbat yaradılıb, öhdəliyə qəbul olunmadığı halda 2015-ci ildə 2 yaşıllaşdırma idarəsinin içməli suya görə əvvəlki dövrün kreditor borcları ödənilib, tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşma mövcud olmayıb, uyğun xüsusiyyətli müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsi fərqli olub.

Torpağın əkinə hazırlanması və qulluq işlərinin bir sıra hallarda tələb olunan səviyyədə aparılmaması səbəbindən 2015-ci ilin nəticələrinə görə Cəmiyyətin 1 yaşıllaşdırma idarəsi üzrə bitiş faizi mövcud normadan 3,2% az olub.

Cəmiyyətin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsi büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaradıb, 1 halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin balansında olan meşə zolağına 2016-cı ilin sentyabr-dekabr ayları ərzində Cəmiyyət tərəfindən xidmət göstərilib.

Cəmiyyətin tabeliyində yaşıllaşdırma idarələri tərəfindən salınmış yaşıllıq ərazilərində suvarma və damcılı suvarma sistemlərinin quraşdırılması, təmir-bərpası, yenidənqurulması və onların istismarını həyata keçirən ixtisaslaşmış funksional idarəsi mövcud olduğu halda Cəmiyyətin idarə aparatı tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının 2015-2016-cı illərdə funksional fəaliyyətinə aid olmayan digər idarələrə verilməsi hallarına rast gəlinib.

Müəyyən edilmiş digər nöqsanların ləğv edilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə qanunvericilklə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə kollegiya qərarının surəti və müvafiq “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu”na , həmçinin müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi məqsədilə qərarın surəti ETSN-yə göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi